Ali Məclisin növbəti plenar iclası olub

Ali Məclisin növbəti plenar iclası olub
17:50

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən News365.az-a bildirilib ki, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini deyib.

Gündəlik qəbul olunduqdan sonra Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri ilə bağlı məlumat verilib.

Sessiyada deputat Mövlan Məmmədov çıxış edib, qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Daha sonra gündəlikdə duran sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsi üzvünün seçilməsi barədə Ali Məclis sədrinin birinci müavini bildirib ki, Hüquq siyasəti komitəsinin hazırki say tərkibi 9 deputat olduğu üçün komitənin formalaşdırılması məqsədilə yeni üzvün seçilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq Bəxtiyar Məmmədov deputat Vüsal Əziz oğlu Məmmədzadəni Ali Məclisin Hüquq siyasəti komitəsinə üzv seçilməsi barədə təklif irəli sürüb. Məsələ ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin iclası başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada