Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
News365.az xəbər verir ki, iclasda qurumun publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, həmçinin struktur dəyişikliyinin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin səmərəliliyinin artırılmasına təsiri müzakirə olunub.
Müşahidə Şurasının qərarı ilə Arif Fərman oğlu Mərdanov İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Arif Mərdanov 24 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
O, müxtəlif dövrlərdə “Azərsu” ASC-də rəhbər vəzifələrdə çalışıb, “Su təchizatı və tullantı suları haqqında” qanunun hazırlanmasında iştirak edən ekspert qrupunun üzvü olub. Həmçinin SOCAR-da idarə rəisi vəzifəsində işləyib.
Mərdanov müxtəlif vaxtlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqının və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliyinin sədri olub. O, TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.
Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.