Avtomobil bazarında gözlənilməz vəziyyət: İdxalın azalmasının səbəbi nədir?

Avtomobil bazarında gözlənilməz vəziyyət: İdxalın azalmasının səbəbi nədir?
11:02

Azərbaycanda avtomobil bazarında müşahidə olunan dəyişikliklərə təkcə alıcılıq qabiliyyəti və qiymətlər təsir göstərmir. Ötən il ölkəyə gətirilən avtomobillərin bir qisminin bu il satışa çıxarılması, güzəştlərin başa çatması və alıcıların ikinci əl nəqliyyat vasitələrinə marağının artması idxal dinamikasına da təsirsiz ötüşməyib. Bununla belə, utilizasiya proqramı və avtoparkın yenilənməsi prosesi avtomobil bazarının gələcək istiqamətinə təsir edən əsas amillərdən biri olaraq qalır.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin News365.az-a  sözlərinə görə, ölkədə avtomobil idxalının azalmasını qiymətləndirərkən əvvəlki illərdə həyata keçirilən paralel idxalın həcmini də nəzərə almaq lazımdır.

O bildirib ki, ötən illərdə Azərbaycana, xüsusilə də Çin bazarı üçün istehsal edilən avtomobillərin fərdi şəxslər tərəfindən gətirilməsi geniş yayılıb. Həmin avtomobillərin bir hissəsi əvvəlcədən idxal və gömrük rəsmiləşdirilməsindən keçirildiyi üçün bu il bazara çıxarılan nəqliyyat vasitələrinin sayı da artıb.

E.Əliyev xatırladıb ki, əvvəlki illərdə ölkəyə təxminən 100 min avtomobil idxal edilib. Bu, idxal baxımından rekord göstəricilərdən biri olub. Onun fikrincə, ötən ilin sonlarında güzəştlərin başa çatacağının məlum olması paralel idxalçılar arasında fəallığı artırıb. Nəticədə bir sıra şəxslər güzəşt müddəti bitməmiş avtomobilləri ölkəyə gətirərək gömrük rəsmiləşdirilməsini tamamlayıblar.

Assosiasiya sədrinin qənaətinə görə, həmin avtomobillərin bu il satışa çıxarılması yeni idxala olan tələbatın bir hissəsini əvvəlcədən qarşılayıb. Buna görə də cari dövrdə idxal göstəricilərinin aşağı olması bazarda avtomobillərə tələbatın tamamilə azaldığı anlamına gəlmir.

Avtomobillər ucuzlaşdı, alıcılar ikinci əl bazarına yönəldi

E.Əliyev qeyd edib ki, paralel idxal yolu ilə gətirilən avtomobillərin satışı zamanı qiymət rəqabəti də güclənib. Bəzi satıcılar nəqliyyat vasitələrini alış qiymətindən aşağı satmağa məcbur olub, digərləri isə avtomobillərini hələ də satışa çıxarmaqda davam edirlər.

Onun sözlərinə görə, alıcıların paralel idxalla gətirilən avtomobillərə etimadının azalması da satış prosesini çətinləşdirən amillərdəndir. Bu vəziyyət bəzi avtomobillərin satılmadan bazarda qalmasına səbəb olub.

Digər tərəfdən, güzəştlərin başa çatması ikinci əl avtomobillərə marağın yenidən artmasına şərait yaradıb. Assosiasiya sədri bildirib ki, 2025-ci il ərzində ikinci əl avtomobillərin qiymətləri 40-45 faizə qədər aşağı düşüb. Güzəştlərin başa çatmasından sonra isə qiymətlər əvvəlki səviyyəyə doğru yüksələrək 30-35 faizə qədər bərpa olunub.

Beləliklə, yeni avtomobillərin idxalı və satışında yaranan dəyişikliklər alıcıların seçimlərinə də təsir edib. Nəticədə bəzi vətəndaşlar daha münasib qiymətə nəqliyyat vasitəsi əldə etmək üçün ikinci əl avtomobil bazarına üz tutublar.

Avtopark yenilənir, idxalda kəskin azalma gözlənilmir

Eyyub Əliyev hesab edir ki, avtomobil idxalının hazırkı dinamikasını uzunmüddətli tendensiya kimi qiymətləndirmək düzgün olmazdı. Onun fikrincə, əvvəlki illərdə ölkəyə çoxlu sayda avtomobil gətirilməsi bu il idxal göstəricilərinin aşağı düşməsinin əsas səbəblərindəndir.

Assosiasiya sədri güzəştlərin və utilizasiya proqramının ölkənin avtomobil parkının yenilənməsinə ciddi töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə taksi sektorunda avtomobillərin yenilənməsi prosesi nəzərəçarpacaq nəticələr verib və hazırda bu sahədə yeni nəqliyyat vasitələrinin payı yüksəkdir.

E.Əliyev bildirib ki, Azərbaycanda utilizasiya proqramı çərçivəsində indiyədək 40 minə yaxın avtomobil təhvil verilib. Proqramın davam etməsi köhnə nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına və avtomobil parkının yenilənməsinə imkan yaradır.

O hesab edir ki, utilizasiya proqramı müəyyən dövrlərdə avtomobil idxalına olan tələbatı azalda bilər. Lakin bu amilin idxalda kəskin və uzunmüddətli geriləməyə səbəb olacağını düşünmək üçün əsas yoxdur.

Beləliklə, avtomobil idxalındakı dəyişikliklərə əvvəlki illərin yüksək göstəriciləri, paralel idxalın təsiri, bazardakı qiymət rəqabəti və ikinci əl avtomobillərə tələbatın artması birlikdə təsir göstərir.

 News365.az


Sizin reklam burada
Sizin reklam burada