Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.
News365.az xəbər verir ki, Viktor Yuşşenko bu barədə sosial şəbəkə hesabında bildirib.
O, Prezident İlham Əliyevlə son dərəcə səmimi və məzmunlu görüş keçirdiyini qeyd edib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev də iştirak edib.
Yuşşenko Azərbaycanla dostluğunun tarixindən danışaraq bunun 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başladığını bildirib.
“Prezident İlham Əliyevlə isə bizi artıq 20 ildən çoxdur şəxsi dostluq və Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi naminə birgə fəaliyyət bağlayır”, – Yuşşenko qeyd edib.
Ukraynanın sabiq Prezidenti xatırladıb ki, bu əməkdaşlığın mühüm nəticələrindən biri iki ölkə arasında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi olub. Onun sözlərinə görə, 22 may 2008-ci ildə Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
“Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyənləşdirdi və onların gələcək inkişafı üçün möhkəm zəmin yaratdı”, – Yuşşenko vurğulayıb.
O bildirib ki, keçirilən görüşdə iki ölkənin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də tərəflərin komandalarının üzərində işləməyə davam edəcəyi konkret layihələr müzakirə olunub.
Yuşşenko, həmçinin Ukraynaya göstərilən ardıcıl dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən qayğıya, ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəyişməz hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
Ukraynanın sabiq Prezidenti Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimad və hörmətin bundan sonra da mühüm birgə layihələrdə öz əksini tapacağına əminliyini ifadə edib.