ABŞ prezidenti Donald Tramp administrasiyası yeni tarif paketini qüvvəyə mindirərək ölkənin idxal siyasətində növbəti sərtləşdirməyə gedib. Yeni rüsumlar ABŞ-ın ən iri ticarət tərəfdaşlarını əhatə edir və ölkəyə daxil olan idxalın təxminən 99,4%-nə şamil olunur.
Yahoo Finance-ın yaydığı məlumata görə, qüvvəyə minən qərarla vaxtı başa çatan 10%-lik "qlobal tariflər" yeni tarif sistemi ilə əvəz olunub. Yeni rejim çərçivəsində 60 əsas ticarət tərəfdaşına 10%-12,5% aralığında idxal rüsumları tətbiq edilir.
ABŞ Ticarət Nazirliyi bildirib ki, yeni tədbirlər 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi (Section 301) əsasında həyata keçirilib. Qərar məcburi əməkdən istifadə edilən məhsulların qlobal tədarük zəncirindəki roluna dair uzunmüddətli araşdırmanın yekunlarına əsaslanır.
Administrasiyanın yüksəkvəzifəli nümayəndələrindən biri qərarın sadəcə əvvəlki tariflərin uzadılması olmadığını vurğulayaraq bunu ABŞ-ın beynəlxalq əmək hüquqlarının müdafiəsi istiqamətində indiyədək atdığı ən genişmiqyaslı addımlardan biri kimi qiymətləndirib.
"Biz bunu daha sabit və proqnozlaşdırılan ticarət mühiti yaratmaq üçün həyata keçiririk. Sabit tarif dərəcələri biznes üçün daha əlverişlidir", – deyə Ağ Ev rəsmisi bildirib.
Federal Register-də dərc olunan qərara əsasən:
Eyni zamanda qərarda bir sıra istisnalar da nəzərdə tutulub. Tranzitdə olan yüklər, digər ticarət sazişləri çərçivəsində idxal edilən məhsullar, həmçinin artıq milli təhlükəsizlik əsaslı tariflərə məruz qalan polad və alüminium kimi mallar əlavə rüsum ödəməyəcək.
Bundan başqa, USMCA sazişi ilə azad olunan məhsullar əsasən rüsumsuz qalacaq. ABŞ-da istehsal olunmayan bəzi strateji məhsullar, o cümlədən neft, təbii qaz və Avropadan idxal olunan mantar qabığı kimi mallar da yeni tariflərdən kənarda saxlanılıb. İstisnaların tam siyahısı yüzlərlə səhifədən ibarət rəsmi sənəddə əks olunub.
Yeni qərar fevral ayında ABŞ Ali Məhkəməsinin əvvəlki ümumi tarif mexanizmini ləğv etməsindən sonra Tramp administrasiyasının tarif siyasətini fərqli hüquqi əsaslarla davam etdirmək cəhdlərinin növbəti mərhələsi hesab olunur.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Konqresdə çıxışı zamanı bildirib ki, hüquqi mexanizm dəyişsə də, administrasiyanın ticarət strategiyası əvvəlki kimi qalır.
Ekspertlərin fikrincə, Section 301 üzrə tariflər Tramp administrasiyasının növbəti illərdə də əsas ticarət alətlərindən biri olacaq.
Bəzi ölkələr üçün tariflərdə yumşalma da baş verib. Ağ Evin məlumatına görə, Hindistan məcburi əməyə qarşı tədbirlər gördüyü üçün ona tətbiq olunan rüsum 12,5%-dən 10%-ə endirilib.
Analitiklər hesab edirlər ki, hazırkı qərar tarif siyasətinin yekunu deyil. İlin sonuna qədər Çin, Avropa İttifaqı və daha 16 ticarət tərəfdaşı üzrə artıq istehsal gücləri ilə bağlı araşdırmaların tamamlanması gözlənilir. Bu prosesdən sonra Vaşinqtonun bəzi məhsullar üzrə tarifləri daha da artıracağı istisna edilmir.
Bununla yanaşı, Yale Budget Lab hesablamalarına əsasən, ABŞ-da orta effektiv idxal tarifi hazırda 11,8% təşkil edir və yeni qərarın bu göstəricini cəmi 1-2 faiz bəndi yüksəldəcəyi proqnozlaşdırılır.