"Bir millət, iki dövlət" üz-üzə

"Bir millət, iki dövlət" üz-üzə
09:24
Futbol üzrə dünya çempionatının finalında İspaniya və Argentina qarşılaşacaq. Hər iki ölkənin rəsmi dili ispandır. Ümumiyyətlə, ispan dili 21 dövlətin rəsmi dilidir. Və bu məhz eyni (vahid) dildir, haaa (təbii, dialekt fərqi var)! Dil qrupu deyil. İspan dili roman dilləri ailəsinə qrupuna daxildir. Həmin ailəyə ispan dili ilə bərabər 50-yə yaxın dil daxildir: fransız, italyan, portuqal, rumın və s. Yəni vahid roman dili yoxdur. Bəli, bu adda əlahiddə dil var – rumın dili, amma o, vahid roman dili deyil.
Müqayisə üçün: vahid türk dili yoxdur (rumın dili kimi türk dili də yalnız Türkiyənin dilidir, vahid türk dili deyil). Türk dilləri ailəsi var. Eyni ilə məsələn, german dilləri ailəsi var. Ora ingilis, alman, niderland, isveç və 50-yə yaxın digər dillər aiddir. Yəni vahid german dili yoxdur, amma vahid ingilis dili var və o, məsələn, ABŞ, Kanada, Britaniyanın və s. rəsmi dilidir. Eyni ilə slavyan dilləri ailəsi var və ora rus, çex, polyak, sloven və 20-dən çox digər dillər aiddir. Yəni vahid slavyan dili yoxdur. Eyni ilə semit dilləri ailəsi var və ora ərəb, ivrit (yəhudi), malta və 10-dan çox digər dillər aiddir. Yəni vahid semit dili yoxdur.
Bunları ona görə vurğulayıram ki, bizdə bəziləri bilərəkdən, yaxud da nadanlıqdan məsələni qarışdırır və hamını da çaşdırırlar. Guya vahid türk milləti və dili var. Yoxdur! Bu dillər ailəsidir. Özü də bu ailənin daxilində elə dillər var ki, onun daşıyıcıları biri-birini demək olar ki, anlamırlar (məsələn, biz çuvaş və ya yakut dillərini heç başa düşmürük). Digər dillər ailəsində də belə hallar var.
Başqa bir məsələ dillər ailəsinə aid olanların nə dərəcədə genetik (qan qohumluğu) olaraq bir-birinə yaxın olmasıdır. Burada da xeyli fərqlər var. Təbii, eyni dillər ailəsinə aid xalqlar genetik olaraq bir-birinə yaxın və ya uzaq ola bilər. Çünki dil kökə, əcdada bağlı məsələ deyil əksər hallarda. Sırf siyasi, tarixi-hərbi və mədəni mühitdən irəli gəlir. Elə türk dilləri ailəsi də buna bariz nümunədir. Belə ki, genetik analizlərə əsasən avropeoid türklər, qaqauz və azərbaycanlıların monqoloid (qıyıqgöz) qazax, qırğız, yakut və s. ilə qohumluğu heç 20% təşkil etmir. Eyni zamanda heç türklərlə bizim də genetik yaxınlığımızda ciddi fərqlər var: onlarda yunan-anadolu, bizdə isə İran və Qafqaz xalqlarının geni çoxdur. Müqayisə üçün hətta eyni dildə danışan ingilislər və amerikalılar arasında da xeyli genetik fərq var (çünki amerikalılar arasında alman, ispan, fransız və s. komponent də çoxdur).
İndi isə qayıdaq ispanlara və argentinalılara. Qeyd etdiyim kimi, onlar bizimlə türklərdən fərqli olaraq eyni dil ailəsinə daxil olan deyil, vahid dildə (ispan) danışırlar. Yəni argentinalılar və ispanlar lingvistik baxımdan daha yaxındırlar, nəinki biz və türklər. Genetik baxımdan isə yaxınlıq elə bizimlə türklər kimdir. Belə ki, argentinalıların əksəriyyəti italyandır. İtalyan və ispan dili isə əvvəl vurğuladığım kimi roman dilləri ailəsi aiddir və biri-birinə çox yaxındırlar (elə Azərbaycan və türk dillləri kimi). Genetik baxımdan da italyan və ispanlar çox yaxındır. Beləliklə, argentinalılar italyan, ispan və yerli Amerika xalqlarının törəmələri olduğu üçün genetik baxımdan da ispanlara çox yaxındırlar.
Beləliklə, 2 gün sonra futbol üzrə dünya kuboku uğrunda bizimlə türklərdən də bir-birinə yaxın olan xalqlar yarışacaq. Oyunçu aparsın!
Əkrəm Həsənov, ekspert
P.S. Bilirəm ki, indi yenə türkçülər başlayacaq əsassız etirazlar yazmağa. Amma mən bu qəbildən olan statusları onlar üçün yazmıram. Əqidələri bəllidir, özlərini miflərə inandırıblar, bu yalançı ideyalarla da yaşayırlar. Mənim hədəfim onların aldatmaq və çaşdırmaq istədikləri şəxslərdir. Digər dil ailələrinin timsalında onlara həqiqətləri çatdırıram. Hər şey müqayisədə aydın olur. Hər şeyin analoji qarşılığını göstərmək lazımdır.
Vahid türk xalqı və dili yoxdur. Necə ki, vahid roman, german, slavyan, semit xalqı və dili yoxdur. Bu sadəcə dillər ailəsidir və onların üzvləri bir çox halda bir-birini heç başa düşmür və genetik baxımdan da xeyli uzaqdırlar. Necə ki, ərəb və yəhudilər semit olaraq bir-birindən xeyli uzaqdırlar.
Bəs vahid nə var? Vahid ispan dili var və 21 dövlətin rəsmisidir. Vahid ingilis dili var və 60-a yaxın dövlətin rəsmisidir. Vahid Azərbaycan dili var və Azərbaycan Respublikasının rəsmisi, İran azərbaycanlılarının isə ana dilidir.
Hələ onu demirəm ki, yer üzündə tam eyni dildə danışan xalqlar var ki, özlərini vahid xalq-filan hesab etmirlər. Məsələn, serblər, xorvatlar və bosnyaklar.
Məqsədim də bəzilərinin təqdim etmək istədikləri kimi, antitürk mövqeyi deyil. Xalqımız o cümlədən türklərin törəməsidir. Dilimiz türk kökənlidir. Türkiyə bizə ən yaxın qardaş müsəlman ölkəsidir. Amma şişirtmək və etnosçuluğa varmaq lazım deyil. Bəli, kim istəyirsə etnosunu türk hesab edə bilər. Amma millətimiz azərbaycanlıdır və heç bir etnos etnogenezimizdə çoxluq təşkil etmir.
Eyni dildə danışan ispanlar və argentinalılar özlərini əlahiddə xalq hesab edirsə, bizə nə düşüb ki, yalan ideologiyaya sırılırıq axı?!.

Sizin reklam burada
Sizin reklam burada