Hindistanın Maxaraştra ştatında leysan yağışlar dəhşətli qəzaya səbəb olub. Yeni inşa edilmiş üçmərtəbəli yaşayış binası qəfildən çökərək ətrafdakı evlərin üzərinə aşırıb.
News365.az xəbər verir ki, hadisə barədə Maxaraştra AIMIM partiyasının baş katibi Atik Əhməd Xan rəsmi açıqlama verib.
Baş katib bildirib ki, qəza axşam saat 20:00 radələrində qeydə alınıb:
"Cəmi bir il əvvəl tikilmiş üçmərtəbəli bina qəfildən yanındakı üç fərdi yaşayış evinin üzərinə çöküb. Hadisə nəticəsində eyni ailədən olan 5 uşaq və 1 qadın dağıntılar altında qalıb. Keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində onların hamısını sağ-salamat çıxarmaq mümkün olub".
Sözügedən faciəvi hadisə Mumbay və ölkənin bir sıra digər bölgələrində davam edən şiddətli yağışlar fonunda baş verib. Sel və su bəndi daşqınları artıq insan tələfatına səbəb olub, şəhər infrastrukturunu iflic edib. Rəsmi qurumlar təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdırıblar.
Son 24 saat ərzində ölkənin maliyyə paytaxtına 265 mm-dən, şəhər ətrafı qəsəbələrə isə 227 mm-dən çox yağış yağıb. Yaranmış ekstremal hava şəraiti ilə əlaqədar olaraq, bazar ertəsi günü şəhərdəki bütün məktəb və kolleclərdə dərslər qeyri-müəyyən müddətədək təxirə salınıb.