Cəmiyyətdə parçalanma yaratmağa çalışan antimilli dairələr və onların himayədarları fiaskoya uğradı

Cəmiyyətdə parçalanma yaratmağa çalışan antimilli dairələr və onların himayədarları fiaskoya uğradı
22:20

Azərbaycan böyük zəfərə müxtəlif cəbhələrdə mübarizə apararaq nail olub. Biz 30 illik işğala hərbi güclə yanaşı, həm də xalqla hakimiyyət arasında mövcud olan vahid həmrəylik sayəsində son qoyduq.

Bu həmrəylik həm də cəmiyyət daxilində parçalanma yaratmağa çalışan antimilli dairələri, onların himayədarlarını fiaskoya uğratdı. Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çalışan AXCP sədri Əli Kərimli və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi bir çox faktları ortaya çıxarıb. Bir daha aydın olur ki, Azərbaycanın uğurlarını qəbul edə bilməyən bəzi xarici qüvvələr burada təhlükəli ssenarilər hazırlayıb, onların reallaşması üçün isə milli satqınlardan – Əli Kərimli və Ramiz Mehdiyev ittifaqından məharətlə istifadə olunub.

2013-cü ildə Rusiyanın bu regionda reallaşdırmağa çalışdığı “Qafqaz baharı” ssenarisi hər kəsə yaxşı məlumdur. Rusiyadakı Azərbaycan diasporu üzərindən oynanılan oyunlar özünü “Milyarderlər İttifaqı”nın çirkin simasında göstərdi. Bu gün aydın olur ki, bu ittifaq məhz Ramiz Mehdiyev tərəfindən idarə olunub. Bir müddət sonra elə bu üzdəniraq ittifaqın sponsorluğu ilə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin iştirakı ilə millilikdən xəbəri olmayan şura yaradıldı. Elə 2013-cü ildə Qərb siyasi dairələrinin ölkəmizdə radikal müxalifətə münasibətinin dəyişməsinin səbəbi də bu idi.

2019-cu ildən etibarən ölkədə həyata keçirilən institusional yenilənmə isə daxili sabitliyin təməli oldu. Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması ilə xarici agentura şəbəkəsinin də rıçaqları zəiflədi. AXCP sədri Əli Kərimlinin 2019-cu ildən sonra mitinq oyununun səngiməsinin də əsas səbəbi bu idi. 2020-ci il 44 günlük müharibədə Azərbaycan məharətlə Ermənistanla yanaşı, bütün destruktiv xarici qüvvələri, o cümlədən milli satqınları fiaskoya uğratdı. Müharibədən sonra isə növbəti xəyanət planı – “Dövlət Şurası” planı hazırlanmışdı. Rusiya–Ukrayna müharibəsindən sonra hədəfin Azərbaycan olması və bu prosesdə milli satqınlardan – Ramiz Mehdiyevə bağlı qüvvələrdən, o cümlədən xəyanətkar AXCP-dən məharətlə istifadə olunacağı istisna deyil. Dövlət təhlükəsizlik orqanları ölkəmizə qarşı hazırlanan yeni işğal planını da ifşa edərək növbəti təhlükənin qarşısını aldı.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı xalqla hakimiyyətin həmrəyliyi ilə yanaşı, Azərbaycanda yaşanan siyasi birliyin də təcəssümü idi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədi. Bu da Əli Kərimlinin əsl xəyanətkar simasını bir daha təsdiqləyirdi. Dövlətə, xalqa xəyanətin bədəli isə ağır olacaq.

Nigar MƏMMƏDOVA

Millət vəkili


Sizin reklam burada
Sizin reklam burada