Bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi kapitan Mahmud Səfəralıyev barəsindəki qərardan Hərbi Prokurorluğun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Hərbi prokurorluğun protesti təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb. H.H. bu il noyabrın 15-də intihar edib.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.