“Ermənistanda siyasi repressiyalar və media üzərinə təzyiqlər artır” - Züriyə Qarayeva

“Ermənistanda siyasi repressiyalar və media üzərinə təzyiqlər artır” - Züriyə Qarayeva
16:18

2024-2025-ci illərdə Ermənistanda siyasi gərginliyin kəskin artması insan haqlarının pozulması, müxalifətin sıxışdırılması və media azadlığına qarşı təzyiqlərin artması ilə müşahidə olunur. Son aylarda aparılan həbslər və təqiblər ölkədə avtoritar meyillərin gücləndiyini, siyasi sistemdə isə balans və nəzarət mexanizmlərinin zəiflədiyini göstərir.

Müstəqil jurnalistlərin və media fəallarının saxlanılması, onların fəaliyyətlərinin “dövlət təhlükəsizliyinə təhdid” kimi təqdim edilməsi siyasi motivli proseslərin olduğunu açıq göstərir. Bu, Ermənistan hakimiyyətinin tənqidi səsləri boğmağa və informasiya mühitini tam nəzarətə almağa çalışdığını ortaya qoyur.

Müxalifət liderləri və fəallar da repressiyalardan kənarda qalmayıb. Kilsə ilə bağlı hadisələrdən sonra bir neçə yüksək rütbəli dini rəsminin “hakimiyyəti qəsb etməyə çağırış” ittihamı ilə həbs olunması dövlət-kilsə münasibətlərində siyasi qarşıdurmanın dərinləşdiyini göstərir. Eyni zamanda, sosial narazılıqları səsləndirən vətəndaş fəalları müxtəlif ittihamlarla saxlanılıb və uzun müddətli araşdırmalara cəlb olunub. Bu da hakimiyyətin hüquqi mexanizmləri siyasi rəqibləri neytrallaşdırmaq üçün istifadə etdiyini göstərir.

Qərbin, xüsusilə Avropa İttifaqının bu proseslər qarşısında kifayət qədər reaksiya verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Demokratik dəyərləri prioritet kimi irəli sürən Avropa strukturlarının susqunluğu və geosiyasi maraqların üstün tutulması regionda vəziyyətin stabilliyinə mənfi təsir göstərir.

Nəticədə, Ermənistan cəmiyyəti siyasi repressiyalar, media üzərinə təzyiqlər və vətəndaş azadlıqlarının məhdudlaşdırılması fonunda basqı altında qalır və təcrid olunmuş vəziyyətlə üzləşir. Bu mənzərə həm demokratiya, həm də regional sabitlik üçün ciddi suallar doğurur.

Züriyə Qarayeva


Sizin reklam burada
Sizin reklam burada