Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib
18:40

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

News365.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub: “Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar azadlıqdan məhrum edilsinlər”.

Daha sonra şahidlər ifadə verib.

Dağüstü parkda xadimə işləyən Kəmalə Sadıqova deyib ki, ittiham edilən şəxslərin məzarın üstündə atılıb-düşdüklərinin şahidi olub: “Onlara xəbərdarlıq etdim, amma bizi başa düşmürdülər, öz işlərinə davam edirdilər. Köynəklərini çıxarıb oynayırdılar. Mən onlara əl-qolla buranın müqəddəs yer olduğunu başa salmağa çalışsam da, təəssüf ki, anlamırdılar”.

Şəhidlər xiyabanında xadimə işləyən Sevil Əliyeva isə bildirib ki, hadisə baş verən zaman təmizlik işləri görürmüş: “Səs-küy gəldi, gedib gördük ki, qeyri-etik hərəkətlər edirlər. Dil bilmədiyim üçün heç nə deyə bilmədim”.

Şahid qismində tanınan Bəsti Ağayeva da bildirib ki, Şəhidlər xiyabanında təmizlik işləri görərkən üç gəncin nalayiq hərəkətlərini görüb: “Axşam tərəfi idi. Gördüm ki, 3 nəfər şəhid məzarı üzərindəki gülləri oynadır”.

Təqsirləndirilən şəxslər bildirib ki, hadisə zamanı onlara bir xanım yaxınlaşıb, amma ifadə verənləri tanımırlar.

Proses 9 dekabrda digər şahidlərin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb./APA


Sizin reklam burada
Sizin reklam burada