Vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb- FOTOLAR

Vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb- FOTOLAR
12:31

Bakı Dünya Məktəbində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun xatirəsinə həsr olunan “Sərhəd Fədaisi – Mustafa Nəsirovun həyat və qəhrəmanlıq yolu” adlı ingilis dilində inşa müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca generalın həyat və fəaliyyətinə həsr olunan “Sərhəd Fədaisi” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Bakı Dünya Məktəbinin Azərbaycan və Rus bölmələri üzrə direktoru Mərufə Mədətli qeyd edib ki, belə tədbirlər şagirdlərin bilik və dünyagörüşünün zənginləşməsi ilə yanaşı, milli kimlik və vətən sevgisinin formalaşmasına mühüm töhfə verir. “Bizim məqsədimiz gənc nəslə qəhrəmanlarımızın həyat yolunu, onların göstərdiyi şücaəti və Vətənə sədaqət nümunəsini tanıtmaqdır. Bu dəyərlər gələcəkdə şagirdlərimizin həyat mövqeyinin formalaşmasında mühüm rol oynayacaq,” – deyə Mərufə Mədətli vurğulayıb. O, tədbirə qatılan qonaqlara təşəkkür edib və bu layihənin tədris ocağının tarixində xüsusi səhifə kimi qalacağını bildirib.

İlk General Mustafa Nəsirovun qızı İradə Nəsirova atasının həyat prinsiplərindən danışaraq vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər onun ən böyük arzusu olub: “Təəssüf ki, atam bu günü görə bilmədi, lakin inanıram ki, ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bir sözlə hər birimizin arzusu yerinə yetdi” – deyə İradə Nəsirova qeyd edib.

“24 İNFO MEDİA”nın təsisçisi Mehman Davudoğlu, Bakı Dünya Məktəbinin rəhbərliyi və kollektivinə, eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bu cür layihələrin gənc nəsildə vətənpərvərlik və milli qürur hisslərinin formalaşması istiqamətdində əvəzsiz rol oynadığını vurğulayıb. Əmin olduğunu bildirib ki, birgə əməkdaşlığın nəticəsi olaraq gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. 

Şəhid ailələrinin, Vətən müharibəsi qəhrəmanlarının və ehtiyatda olan zabitlərin iştirakı mərasimə xüsusi mənəvi dəyər qatıb. 

Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, baş leytenant Dəmir Aslan,  qazilər Şaiq Səfərov, Nəcməddin Əhmədov, Hikmət Məmmədov, Azim Nuriyev, Yusif Mustafayev, Həsən Yaqubov, Polad Rzayev, Vüsal Həsənov, eləcə də şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu çıxış edib. Qeyd olunub ki, general Mustafa Nəsirov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında sərhəd xidməti sisteminin formalaşmasına və peşəkar sərhədçilərin yetişdirilməsinə böyük töhfələr verib.

44 günlük Vətən Müharibəsində canlarını fəda etmiş şəhid Leytenant Əliyev İmran Əli oğlunun övladı Dəniz Əliyeva, Şəhid Kapitan Yolçuzadə Nizami Vahid oğlunun övladı Vahid Yolçuzadə, Şəhid Kapitan Musibov Veysəl Yadulla oğlunun övladı Yadulla Musibov, Şəhid Mayor Bayramov Elbrus Eyvaz oğlunun övladı Xəyyam Bayramzadə, Şəhid Kapitan Pənahov Əkbər Bəylər oğlunun övladı Rəsul Pənahlı, Kəşfiyyat rəisi Şəhid Mayor Əsgərov Novruz Ələddin oğlunun övladları Raul Əsgərli və Toğrul Əsgərli səhnəyə dəvət olunublar və Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Daha sonra inşa müsabiqəsinin qalibləri elan olunub. 1-ci yerə Həsənli Nuray Zaman qızı, 2-ci yerə Əhmədli Nərmin İlkin qızı, 3-cü yerə Cəfərli Sevda Azər qızı layiq görülüb.

Qaliblərə diplom və mükafatlar təqdim olunub, iştirakçı şagirdlərə və qiymətləndirmədə əməyi olan müəllimlərə təşəkkürnamələr verilib.

Qeyd edək ki, inşa müsabiqəsində 40-a yaxın şagird iştirak edib. 

Qalib inşalar general Mustafa Nəsirovun Dərbənd şəhərində yerləşən ev muzeyinə təqdim olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində ötən il Mustafa Nəsirovun xatirəsinə həsr olunan rəsm müsabiqəsinin qalibi Fatimə Qurbanovanın çəkdiyi rəsmlər nümayiş olunub, “Qəhrəmanlarımızı Tanıyaq” layihəsi çərçivəsində şagirdlərə ilk sərhədçi generala həsr olunan bukletlər paylanıb və şagirdlər işğaldan azad edilən ərazilərdə xidmət göstərən əsgərlərimizə məktublar yazıblar.

Tədbirdə gənc müğənni Orxan Cabbarov vətənpərvərlik mövzusunda mahnılar ifa edib, Bakı Dünya Məktəbinin şagirdləri xüsusi nömrələrlə çıxış ediblər.


Sizin reklam burada
Sizin reklam burada