Ermənistan Qərb və Rusiya arasında ikili oyun aparır

Ermənistan Qərb və Rusiya arasında ikili oyun aparır
16:34

Cənubi Qafqazda geosiyasi vəziyyət yenidən diqqət mərkəzinə düşüb. Ermənistanın xarici siyasət strategiyası və Rusiya ilə Qərb arasındakı balans siyasəti bölgədə maraqlı proseslərin getdiyini göstərir. Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələr davam edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bölgədə gedən prosesləri News365.az-a şərh edərək bildirib ki, Rusiya uzun müddətdir Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışır və bunun üçün müxtəlif təsir mexanizmlərindən istifadə edir.


Deputatın sözlərinə görə, Moskva həm kilsə vasitəsilə, həm sabiq prezidentlər xətti ilə, həm də Qarabağda vaxtilə yaradılmış qondarma rejimin qalıqlarını dəstəkləməklə Ermənistanda yenidən təsir gücünü artırmağa çalışır:

“İllərlə Qarabağdan köçən ermənilərə Rusiya tərəfindən humanitar yardım göstərilməmişdi. İndi birdən-birə bu mövzunun gündəmə gətirilməsi təsadüfi deyil”, — Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əsas siyasi məqsədi ölkəni Qərb strukturlarına inteqrasiya etdirməkdir:

“Paşinyan Avropa İttifaqına inteqrasiya xəttini açıq şəkildə davam etdirir. Uzunmüddətli planlarda Ermənistanın NATO-ya üzvlük istəyi də var. Sadəcə, hazırkı mərhələdə proseslərin həssaslığı səbəbindən Paşinyan eyni zamanda Moskvaya mesajlar göndərir ki, guya Avrasiya İqtisadi Birliyindən uzaqlaşmaq niyyətində deyil”.

Deputat hesab edir ki, rəsmi İrəvan ikili oyun aparır:

“Ermənistan bəzən Rusiya vasitəsilə Avropaya təzyiq göstərir, bəzən də Avropa İttifaqı xətti ilə Rusiyaya mesaj verir. Bu, klassik ‘kölgə diplomatiyası’dır. Paşinyanın məqsədi seçkilərə qədər Moskva ilə açıq qarşıdurmadan yayınmaq, Rusiyanın proseslərə təsir imkanlarını minimuma endirməkdir”.

Ceyhun Məmmədov əlavə edib ki, yaxın dövrlərdə Ermənistanın bu siyasətinin nəticələri daha aydın görünəcək.


Sizin reklam burada
Sizin reklam burada