Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpa prosesinə dair danışıqlar yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Qərb ölkələrinin mövqeyi, xüsusilə də Vaşinqtonun atacağı addımlar həm regionun gələcək təhlükəsizlik arxitekturası, həm də Ukraynanın müharibədən sonrakı taleyi baxımından həlledici sayılır.Mütəxəssislər bildirirlər ki, Kiyev bu dəfə keçmişdə buraxdığı səhvləri təkrarlamaq istəmir və daha güclü, hüquqi qüvvəyə malik təminatlar almağa çalışır.
Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında bildirib ki, hazırda Ukrayna ABŞ-la təhlükəsizlik təminatları üzrə danışıqlarda daha yüksək statuslu, dövlətlərarası müqavilə formatında sənədin əldə olunmasına çalışır.

Onun sözlərinə görə, Kiyev əvvəlki təcrübədən – xüsusən də 1994-cü il Budapeşt Memorandumundan dərs çıxarıb. Həmin sənəddə Ukraynaya təhlükəsizlik zəmanəti verilsə də, sonradan bunun praktiki əsasının olmadığı üzə çıxdı.
Cəfərli qeyd edib ki, Ukrayna bu dəfə daha konkret və hüquqi cəhətdən təsbit olunmuş təminatlar istəyir. Donald Trampın bəyanatlarına görə, ABŞ bu yanaşmaya razı görünür, lakin detallarla bağlı vəziyyət hələ ki tam aydın deyil.
Politoloqun sözlərinə görə, müzakirə edilən digər mühüm məsələ müharibədən sonra Ukraynanın bərpasıdır. Bu proses yalnız dondurulmuş Rusiya aktivləri hesabına deyil, həm də ciddi xarici investisiyalar vasitəsilə mümkün olacaq. ABŞ tərəfi isə bu investisiyaları həyata keçirməyə hazır olduğunu bəyan edir.
“Amerika bildirir ki, sülh razılaşmasından sonra Ukrayna ortada qoyulmayacaq. Həm təhlükəsizliyə dəstək veriləcək, həm də ölkənin bərpasına yardım göstəriləcək. Bu mexanizmlərin necə işləyəcəyi hələ tam məlum olmasa da, müsbət məqam kimi qeyd olunmalıdır”, – deyə Şahin Cəfərli vurğulayıb.