“1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan
hakimiyyətə gələndə ölkədə gəlir vergisinin ən yüksək dərəcəsi 70% idi. Həmin dövrdə bu göstərici Böyük
Britaniyada 83%, Qərbi Almaniyada 60%, İsveçdə 80%, Yaponiyada 70%, Kanadada isə
60% idi. Dünyada vergi dərəcələri indiki ilə müqayisədə rekord səviyyədə idi”.
News365.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz
Əmirov deyib. O bildirib ki, məhz belə bir zamanda Reyqan əvvəlcə vergini
70%-dən 50%-ə, daha sonra isə 28%-ə endirdi:
“Reyqan müsahibəsində bu qərarın arxasında 600
il əvvəl yaşamış İbn Xəldunun fikirlərinin dayandığını bildirmişdi. Reyqan demişdi ki, İbn Xəldun öz əsərində
yazırdı: "Vergiləri çoxaldan dövlətlərin iqtisadiyyatı tənəzzül etmiş,
vergiləri azaldanları isə çiçəklənən gördüm".
Bu siyasət
sonradan “Reaganomics” (Reyqan iqtisadiyyatı) adı ilə tanındı. Onun mahiyyəti
sadə idi. Yüksək vergilər iqtisadi fəallığı azaldır, aşağı vergilər isə
sahibkarlığı və istehsalı stimullaşdırır, nəticədə büdcəyə daha çox vəsait
daxil olur.
Reyqanın bu
siyasəti əvvəlcə mübahisələr doğursa da, iqtisadi artım canlandı, işsizlik
azaldı, şirkətlərin ABŞ-a sərmayə axını artdı.
Beləliklə,
Ronald Reyqan vergi siyasətində yalnız ABŞ üçün deyil, bütün dünya üçün yeni
bir dövrün əsasını qoydu, ondan sonra vergi dərəcələrinin endirilməsi və
iqtisadi fəallığın stimullaşdırılması qlobal trenda çevrildi”.
News365.az