Bakıda 500 gündən çox həbsdə olan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan, Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradaraq, ləyaqətə söykənən fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır.
“Public Radio of Armenia” da gedən xəbərdə belə deyilir.
Həmin xəbərin davamında qeyd olunur:
“Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib”.
O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” çağırır.
Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir.
O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və Qarabağda edə bilmədiklərinə görə üzr istəyir.
Vardanyan Qarabağ ermənilərinə minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir.
O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir.
Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirib.
O, erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”.
Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın vatsap yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirdi. Sülhə çağırış etməyə əsas yaratdı. Ruben Vardanyan başa düşdü ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bəribaşdan anlaşmaq lazımdır...