Türkiyədə toyda açılan atəş faciəyə səbəb oldu: 11 yaralı

Türkiyədə toyda açılan atəş faciəyə səbəb oldu: 11 yaralı
11:16

Türkiyədə toy mərasimində silahlı hadisə: 11 nəfər yaralandı

Türkiyənin Denizli vilayətinin Çivril rayonunda keçirilən toy mərasimi xoşagəlməz hadisə ilə yadda qalıb. Kıralan məhəlləsində baş verən insident zamanı açılan atəş nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

News365.az-ın məlumatına görə, gəlinin evdən çıxarılması mərasimində iştirak edən 15 yaşlı yeniyetmə ov tüfəngi ilə havaya atəş açmağa çalışıb. Bu zaman tüfəngdən çıxan güllələr ətrafdakı insanlara tuş gəlib.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin daha ciddi olduğu bildirilib və əlavə müalicə üçün Denizlidəki tibb müəssisələrinə göndəriliblər.

Digər yaralıların vəziyyətinin stabil olduğu qeyd edilir.

Hadisədən sonra jandarma əməkdaşları ərazidə araşdırmalara başlayıb. Silahdan istifadə etdiyi bildirilən yeniyetmə polis nəzarətinə götürülərək ifadəsi alınmaq üçün bölməyə aparılıb.

Faktla bağlı istintaq və inzibati araşdırmalar davam etdirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada