Ankara Ermənistanla sərhədi Azərbaycanın mövqeyini nəzərə almadan açmaz

Ankara Ermənistanla sərhədi Azərbaycanın mövqeyini nəzərə almadan açmaz
09:40

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması məsələsi yenidən gündəmdədir.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Elşən Mustafayev bildirib ki, hazırda hər iki ölkə sərhəd-keçid məntəqələrini texniki baxımdan istifadəyə tam hazır vəziyyətə gətirib.

Onun sözlərinə görə, yekun qərar yalnız siyasi razılaşmadan asılıdır.


Politoloq qeyd edib ki, burada söhbət Ermənistan mallarının Türkiyə bazarına çıxışından gedir və bunun iqtisadi tərəfləri də nəzərə alınmalıdır.

"Ermənistan mallarının Türkiyə bazarına çıxışı və ya həmin məhsulların Türkiyədə satılması müəyyən qədər sual altındadır. Çünki eyni məhsullar başqa bazarlarda, məsələn Rusiyada daha yüksək qiymətə satıla bilər. Bu, sırf iqtisadi məsələdir", – deyə o bildirib.

Elşən Mustafayev vurğulayıb ki, Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqələri artıq texniki baxımdan tam hazır vəziyyətdədir.

"Həm Ermənistan, həm də Türkiyə tərəfi sərhəd-keçid məntəqələrini istifadəyə hazır vəziyyətə gətirib. Texniki avadanlıqlar quraşdırılıb, əməkdaşlar işləməyə hazırdır. Bu gün siyasi qərar verilsə, sərhəd həmin gün açıla bilər", – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, sərhədin açılması ilə bağlı qərar dövlət başçıları səviyyəsində razılaşdırılmalıdır və bu prosesdə Azərbaycanın mövqeyi mühüm əhəmiyyət daşıyır.

"Bu məsələ Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında da razılaşdırılmalıdır. Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan addım atmayacaq", – deyə o vurğulayıb.

Politoloq hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Rusiya ilə münasibətlərdə əlavə gərginlik yaratmaq istəmir. Bununla yanaşı, Türkiyə daxilində iqtisadi səbəblərlə Ermənistanla münasibətlərin normallaşmasını istəyən dairələrin də mövcud olduğunu bildirib.

Elşən Mustafayev qeyd edib ki, Qərb ölkələri və ABŞ sərhədlərin açılmasında maraqlıdır. Lakin onun fikrincə, Ankara belə məsələlərdə xarici təzyiqlə deyil, öz milli maraqları çərçivəsində qərar verir.

"Türkiyə təzyiqlə hərəkət edən dövlət deyil. Xaricdən istənilən təzyiq əks nəticə verə bilər. Sərhədin açılması yalnız bütün siyasi şərtlər nəzərə alınaraq qəbul ediləcək qərardan asılıdır", – deyə politoloq əlavə edib.

O, həmçinin bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması və digər siyasi məsələlər də normallaşma prosesinə təsir edən əsas amillərdən biridir.


Sizin reklam burada
Sizin reklam burada