Türkiyə vətəndaşı və ABŞ-da doktorantura təhsili alan Rumeysa Öztürk federal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Öztürk İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edən bir məqaləyə imza atdıqdan sonra saxlanılıb.
News365.az bildirir ki, saxlanılma prosesi maskalı şəxslər tərəfindən həyata keçirilib və Öztürkün ABŞ vizası ləğv edilib. Hadisə ilə bağlı rəsmi mənbələrdən hələlik açıqlama verilməyib. Lakin məlumatlar göstərir İran kökənli doktorantlara da eyni prosedur tətbiq olunub.
Məsələn, ötən gün Amerika Birləşmiş Ştatlarında (ABŞ) təhsil alan iranlı tələbə federal immiqrasiya orqanları tərəfindən saxlanılıb. Bu barədə Alabama Universiteti məlumat yayıb.
Universitetin açıqlamasına əsasən, saxlanılan şəxs — Alireza Doroudi adlı İran vətəndaşı və Alabama Universitetinin doktorantıdır. Onun saxlanılması Tramp administrasiyasının son həftələrdə həyata keçirdiyi sərt immiqrasiya tədbirləri çərçivəsində baş verib. Bildirilir ki, Alireza Doroudi ilə yanaşı, bir neçə digər xarici tələbə də hədəfə alınıb.
Ehtimal edilir ki, onlar da İsrail əleyhinə fəaliyyətə görə cəzalandırılıb.
Musavat.com-un başqa qaynaqlardan da əldə etdiyi bilgilər göstərir ki, Tramp hökumətinin bir sıra müsəlman ölkələrindən, xüsusən İrandan olan vətəndaşların ABŞ-a girişini məhdudlaşdıran tədbirləri tam vüsət alıb. Bununla paralel, artıq müsəlman tələbə və doktorantların ABŞ -dan çıxarılması prosesinə də start verilib.
Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bir sıra istifadəçilər bu hadisəni fikir azadlığına qarşı addım kimi qiymətləndirirlər. Digər tərəfdən, hüquq-mühafizə orqanlarının və immiqrasiya idarəsinin bu qərarı hansı hüquqi əsaslarla verdiyi hələlik rəsmi olaraq, dəqiqləşməyib.