Ukraynada əldə olunacaq atəşkəs Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) üçün təhlükəsizlik təhdidini kəskin şəkildə artıra bilər. Bu sözləri Litva və Estoniyanın müdafiə nazirləri Dovile Şakaliene ilə Hanno Pevkur The Financial Times-a (FT) müsahibəsində deyiblər.
Pevkurun fikrincə, hərbi əməliyyatların dayandırılması Rusiya Federasiyasına öz qüvvələrini çox tez bir zamanda bərpa etməyə və digər mühüm proseslərə imkan yaradacaq. Nəticədə bu, Baltikyanı ölkələr üçün təhlükəsizlik riskinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
"Heç bir illüziyaya qapılmayaq. Moskva atəşkəsdən sonrakı vaxtdan hərbi imkanlarını artırmaq üçün istifadə edəcək", - Şakalen əlavə edib.
Nəşrin yazdığına görə, Baltikyanı ölkələrin rəhbərləri qarşıdan gələn Rusiya-Belarus “Zapad” hərbi təlimlərindən çox narahatdır. Təlim 2025-ci ilin sentyabr ayına planlaşdırılıb və 13 minə yaxın hərbi qulluqçu iştirak edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural