Afrika qitəsinin şimal-qərbində yerləşən bu ölkə haqqında çox adamın məlumatı yoxdur. Mavritaniya.
1 milyon kvadrat kilometrə yaxın nəhəng ərazisi ilə dünyanın 29-cu ən böyük ölkəsidir. Ərazisinin son dərəcə böyük olmasına baxmayaraq, ölkənin 90%-dən çox hissəsi tamamilə quraq səhra ilə örtülüdür. Belə böyük torpaq sahəsinə malik olan bu Şimali Afrika ölkəsində cəmi 4,5 milyon insan yaşayır. Bunun əsas səbəbi olduqca sadədir. Ölkə böyük bir quraqlıq, nəhəng toz fırtınaları və iqtisadi çətinliklərlə mübarizə aparır.
Bura tam anlamı ilə bir səhra ölkəsidir. Ölkənin şimalında Mərakeş tərəfindən ilhaq edilən və faktiki olaraq Mərakeşin idarəsində olan Qərbi Saxara yerləşir. Xatırladaq ki, Qərbi Saxara 1975-ci ilə qədər İspaniyanın müstəmləkəsi olub və sonradan tərk edilmiş bir səhra bölgəsinə çevrilib. Hazırda isə Mərakeş bu ərazinin demək olar ki, hər yerində öz hökmranlığını sürdürür.
Mavritaniyanın cənub sərhədləri Seneqal və Mali ilə həmsərhəddir, qərbdə isə Şimali Atlantik Okeanı ilə əhatələnir. Şimalında isə Əlcəzair yerləşir. Əslində, Mavritaniya həm səhra ölkəsi, həm də okeanla sərhəddi olan nadir ölkələrdən biridir. Afrikada həm səhra, həm də okean sahili olan digər ölkə isə Cənubi Afrikadakı Namibiyadır. Mavritaniya 1960-cı ilə qədər Fransanın idarəsi altında olub və həmin ildən etibarən müstəqil dövlət kimi mövcuddur.
Lakin ölkədə əsas danışılan dil fransız dili deyil, çünki fransızca burada ərəb dilindən sonra gəlir. Mavritaniya xalqı İslam dininə inanır və rəsmi dil ərəb dilidir. Lakin bu cəmiyyət əslində ərəblərdən ibarət deyil. Şimali Afrika xalqları berber mənşəlidir və xüsusilə səhra həyatını yaşayanlar öz ata-baba dilləri olan berber dilində danışırlar. Hətta ölkənin adı da bir zamanlar mövcud olmuş Berber krallığı — Mauretanianın adından götürülüb. Bu səhra xalqının torpaqları kənd təsərrüfatı üçün son dərəcə əlverişsiz və quraq olduğu üçün insanların əsas məşğuliyyəti heyvandarlıqdır və onlar əsasən ət məhsullarına üstünlük verirlər. Ətdən əlavə, yerli xalq xurma və yer fıstığından da istifadə edir. Digər əsas dolanışıq vasitələri isə balıqçılıqdır. Afrikada dənizə çıxışı olan hər bir ölkə balıqçılığı həm dolanışıq, həm də sağ qalmaq üçün əsas vasitə kimi görür. Mavritaniyanın ən məşhur yeməyi isə kuskusdur. Bu yeməyi Əlcəzair və Mərakeşdə də görmək mümkündür, çünki onlar da oxşar yeməkləri istehlak edirlər. Berber toplumlarında düyünün yerini tutan və üstünə adətən iri ət parçaları əlavə edilən bir yeməkdir. Bu baxımdan, Əlcəzair və Mərakeşə getsəniz, Mavritaniyada ciddi mədəni fərq hiss etməyəcəksiniz.
Orta ömür uzunluğunun cəmi 46 yaş olduğu bu torpaqlarda uzun və rahat bir həyat yaşamaq, təəssüf ki, olduqca çətindir. Ölkə uzun illər boyunca resurs çatışmazlığı və pis idarəçilik səbəbilə dünyanın diqqətindən kənarda qalıb. Bu səbəbdən, əgər 2024-cü ildə belə, yaşadığınız ölkənin coğrafiyası və iqtisadiyyatı sizə firavan bir həyat vəd etmirsə, orada yaşayan bir insan olaraq ömrünüzün qısalması qaçılmazdır.
Bununla yanaşı, ölkə demək olar ki, heç turist qəbul etmir. Qonşuluğundakı Mərakeş turistlərlə dolu olduğu halda, Mavritaniya bu sahədə passiv və zəifdir. Xüsusilə Qərb ölkələrindən gələn turistlər burada görməyə dəyər bir şeyin olmadığını düşünür və turizm şirkətləri də bu ölkəyə tur təşkil etmirlər. Lakin yenə də Mavritaniyaya səfər etsəniz, orada ilk diqqətinizi çəkən şey gənc əhalinin çoxluğu olacaq. Ölkə əhalisinin 40%-nin yaş ortalaması 20-dən aşağıdır.
Ərəb mədəniyyətini mənimsədiklərinə görə də ərəb dünyasından bir çox adətləri qəbul ediblər. Məsələn, yeməyi sağ əlləri ilə yeyir və sol əllərini istifadə etmirlər. Ölkə ciddi sünni müsəlman ənənələrinə sahib olduğundan, qadınlar heç vaxt qollarını və ayaqlarını açıq qoyan geyimlər geyinməzlər. Turist olsanız belə, açıq-saçıq geyinməkdən çəkinməlisiniz, əks halda yerli əhalinin narazılığı ilə qarşılaşa bilərsiniz. Hətta kişilər belə yay aylarında şortik geyinmək əvəzinə uzun şalvar geyinməlidirlər.
Mavritaniyalıların içdiyi çaya isə "Thai Tea" deyilir. Adi bir Mavritaniyalı gündə orta hesabla üç dəfə çay içir. Bu çay Əlcəzair və Mərakeş kimi yerlərdə də geniş yayılıb. O, enerjini artırır və tərkibinə görə espressodan daha güclüdür.
Ölkənin paytaxtı Nouakchott isə Mavritaniyanın ən qərbində yerləşən bir liman şəhəridir. Atlantik okeanı sahilində yerləşən bu şəhər, Mavritaniyanın ən sıx məskunlaşmış və balıqçılıq səbəbindən ən işlək şəhəridir. Şəhərdəki binaların əksəriyyəti azmərtəbəli tikililərdən ibarətdir və müasir həyatın hündür polad binalarına sahib deyillər. Şəhərin köhnə bir tarixi demək olar ki, yoxdur. Bura keçmişdən bəri həmişə səhrə bölgəsi olub və qədim insanlar belə bu quraq, ağacsız, susuz torpaqlarda məskunlaşmağı üstün tutmayıblar. Məsələn, ölkədə ilk yaşayış məntəqələrinin eramızdan sonra 500-cü illərdə bölgəyə gələn bərbər tayfaları vasitəsilə formalaşdığı deyilir. Sonrakı illərdə İslamın yayılması ilə Mavritaniya ərəblərin fəthlərinə məruz qalıb və bərbər icması yüz illərlə ərəblərin idarəçiliyində olub. Paytaxtın ətrafındakı kiçik qəsəbələrdə isə asfalt yol tapmaq demək olar ki, mümkün deyil. Keçid yolları torpaq yollarla əhatə olunub və bir avtomobil keçərkən toz dumanı havaya qalxır. Hər ailənin avtomobili olmadığı üçün yaşayış məntəqələrində eşşək arabası sürən insanları motorlu nəqliyyat vasitələrindən daha çox görəcəksiniz.
Mavritaniya pullarının üzərində isə ölkəyə aid bəzi simvollar mövcuddur. Məsələn, balıqçılığın mühüm yer tutması səbəbindən 1000 Mavritaniya pul vahidinin arxa tərəfində bir gəmi təsvir olunub. Digər əskinaslarda isə çöl iqliminə görə dəvə, dini inanclarına görə isə Quran təsvir edilir. Bu baxımdan ölkə dünyəvi sistemə sahib deyil, əksinə prezident üsul-idarəsi ilə İslami qaydalar çərçivəsində idarə olunur.
Bu gün bir ABŞ dolları 40 Mavritaniya pul vahidinə bərabərdir. Əslində, bu baxımdan onların pulları çox da dəyərsiz deyil. Çünki daha inkişaf etmiş Balkan ölkələrində yerli valyutanın dollar qarşısında dəyəri daha aşağı ola bilər.
Ölkənin bayrağı isə Maldiv bayrağına çox bənzəyir. orada da əhali 100% müsəlmandır. Mavritaniya bayrağı da Maldivlər kimi qırmızı və yaşıl rəngə sahibdir. Çox güman ki, yaşıl rəng İslamı simvolizə edir. Bayrağın ön tərəfində isə sarı rəngdə bir aypara və ulduz var.
Günümüzdə isə mavritaniyalılar özlərini "səhraların hökmdarları" adlandırırlar. Hətta dünyanın ən uzun Səhra qatarları məhz bu torpaqlardan keçir. Mavritaniya müxtəlif ölkələrə dəmir, mis və balıq ixrac edir. Bu gün istifadə etdiyiniz bəzi dəmir məhsulları bəlkə də Mavritaniya mədənlərindən çıxarılmış ola bilər. Səhraları yara-yara keçən bu mədən qatarlarına bəzi turistlər macəra yaşamaq üçün qanunsuz olaraq minirlər. Ölkənin daxili bölgələrindən liman şəhərlərinə qaçmaq istəyənlər də bu qatarlarla qaçaraq fərqli macəralara atılırlar.
Geridə qalmış bu Şimali Afrika ölkəsində isə bir sıra müsbət inkişaflar da baş verir. Bu yaxınlarda Mavritaniyada qaz ehtiyatları aşkar edilib və bir neçə il ərzində ixracatın başlanacağı bildirilir. Məşhur qaz şirkəti BP-yə görə, Mavritaniyanın hazırkı qaz ehtiyatı təxminən 1400 milyard kubmetrdir və 2025-ci ilə qədər qaz hasilatına başlanacağı gözlənilir. Ölkədə olduqca maraqlı bir mədəniyyət də mövcuddur. Mavritaniya "boşanmış qadın bazarı"na sahibdir. Bəli, düz eşitdiniz. "Dul qadınlar bazarı"
Hər hansı bir səbəbdən həyat yoldaşlarından ayrılan qadınlar bu bazarlara gələrək özlərinə yeni qismət axtarırlar. Ölkədə boşanmış qadınların sayı çox olduğundan və internet vasitəsilə tanışlıq tətbiqləri burada geniş yayılmadığından, evlənmək istəyənlər bazarlara gələrək özlərinə həyat yoldaşı tapmağa çalışırlar. Maraqlı məqam budur ki, mavritaniyalı subay kişilər gənc qızlar əvəzinə boşanmış qadınlarla evlənməyə daha isti yanaşırlar. Çünki burada qadınlar bir növ ev işləri üçün daha bacarıqlı hesab olunurlar. Onlar düşünürlər ki, boşanmış qadınlar ev işlərini daha yaxşı idarə edə bilər və həyat yoldaşlarına daha yaxşı baxarlar. Həmçinin kişilər zəif qadınların bu çətin həyat şərtlərinə uyğunlaşa bilməyəcəyini və evlilikdən tez yorulacağını düşünürlər. Orta Şərqdəki müsəlman ölkələrindən fərqli olaraq, bərbər icmalarında qadınların boşanması sosial normalara zidd deyil və adi hal kimi qəbul edilir. Hətta boşanmış qadınlar bazarlarda ev əşyalarını və mebellərini sataraq bu ayrılığı bir gəlir mənbəyinə çevirməyə çalışırlar.
Çünki Mavritaniyada boşanan qadınlara heç bir əmlak və ya təzminat verilmir. Bir qadın və kişi boşandıqda, evdəki bütün əşyalar qadına qalır. Boşanmış qadın isə bazarlarda həm ev əşyalarını satır, həm də özünə həyat yoldaşı axtarır.
Bəs Afrikanın bu quraq ölkəsində kişilər hansı sahələrdə çalışırlar? Burada müxtəlif mədənlər var. Sadəcə bu ölkə deyil, bütövlükdə Afrika qitəsi zəngin mədən yataqlarına sahibdir. Buna görə də tarix boyu fransızlar, ispanlar və ingilislər bu torpaqları müstəmləkəyə çevirərək istismar ediblər. Mavritaniyada isə bəzi insanlar yerin altında tunellər qazaraq qızıl axtarırlar. Beləliklə, yoxsul həyatdan qurtulub varlanmaq istəyirlər. Bu iş isə komanda işi tələb edir.
Komandanın bəzi üzvləri quyunun yuxarısında ipli makara sistemini idarə edərkən, başında dəbilqə və fənər olanlar yerin altında ağır şərtlər altında işləyirlər. 2016-cı ildə təsadüfən bir nəfər bölgədə qızıl tapıb Bundan sonra hər kəs öz imkanları ilə bu çöl bölgəsində qızıl axtarmağa başlayıb.
Hətta bəzi mədənlərə dövlət müdaxilə edərək bu sahəni mülki şəxslər əvəzinə öz nəzarətinə götürüb. Balıqçılıq və heyvandarlıq hər nə qədər kişilər üçün əsas peşə sahələri olsa da, burada işləyənlər zənginləşməyin çətin olduğunu anlayır və daha ağır işlərə girərək qısa zamanda varlanmağa çalışırlar.
Məsələn, Nouakchott-dan iki saatlıq məsafədə yerləşən Chami qəsəbəsi qızıl mədənçiliyinin mərkəzidir. İnsanlar burada dözülməz istiyə və qum fırtınalarına məruz qalsalar da, ağıllarında tək bir şey var – qızıl tapmaq.
Mavritaniyada dünyada bənzəri olmayan bir kənd var – Dali Kumbe. Bu kənddə insanların yarısı doğuşdan görmə qabiliyyətindən məhrumdur. Kənd sakinlərinə bu vəziyyətin səbəbi soruşulduqda, bunu Tanrının iradəsi kimi izah edirlər.
Qısaca, Mavritaniya dünya üçün sirli, lakin içərisinə girdikdə çox fərqli hekayələri və ənənələri olan bir ölkədir.
Kamal Hüseynli