Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba diqqət çəkən açıqlamalar verib. Politico-nun yaydığı məlumata görə, o, deyib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp münaqişəni dayandırmaqla bağlı vədini yerinə yetirə bilməyəcək. Çünki Vladimir Putin buna razılıq verməyəcək.
Keçmiş XİN rəhbəri iddia edib ki, Vladimir Putin Ukrayna dövlətçiliyini məhv etmək və Ukrayna müstəqilliyini, demokratiyasını əzmək qabiliyyətinə inanır. Onun sözlərinə görə, Ukrayna Rusiya liderinin “şəxsi ehtirası”na çevrilir və o, dünyaya Qərbin özünü və ya müdafiə etdiyi birini qorumaqda aciz olduğunu nümayiş etdirmək niyyətindədir.
Kuleba həmçinin bildirib ki, Trampın planı həm də ona görə baş tutmayacaq ki, Rusiya “diplomatiya ilə maraqlanmır” və gələcəkdə güclü mövqedə dayanaraq danışıqlar aparmaq üçün Qərbi müəyyən mənada yıxmağa çalışır. Bundan əlavə, o qeyd edib ki, Vladimir Zelenski ərazilərin itirilməsini nəzərdə tutan heç bir müqavilə imzalaya bilməyəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.