"Telefon zəngi təbrik məqsədli olsa da, bir sıra məqamlar diqqət çəkir"- Politoloqdan şərh

"Telefon zəngi təbrik məqsədli olsa da, bir sıra məqamlar diqqət çəkir"- Politoloqdan şərh
26 Noy 2024 15:42
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib."

Politoloq Turan Rzayev bunu News365.az-a deyib.


Telefon zəngi təbrik məqsədli olsa da, bir sıra məqamlar diqqət çəkir:
Birincisi, dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq.
Tramp Baydendən fərqli olaraq emosional, lakin praqmatik siyasətçidir. ABŞ-ın fərqli regionlardakı varlığını gərəksiz hesab edir. Əslində həm də buna görə onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür.
Rəsmi Bakı Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi. Təsadüfi deyil ki, erməni lobbisi əsasən buna görə Baydeni dəstəkləyir. Azərbaycan tərəfi Trampın hakimiyyətə gəlməsi fonunda Ermənistanla ikili danışıqların effketiv olacağını və prosesə kənar təsirlərin azalacağını düşünür. Başqa sözlə desək, sülh müqaviləsinin imzalanmasını daha real görür. Təcrübə göstərir ki, kənar təsirlər olmasa, Ermənistanla uzlaşma əldə etmək mümkündür.
İkincisi, birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib.
Rəsmi Bakı ilə Vaşinqton arasında enişli-yoxuşlu bir münasibətlər sistemi var. Xüsusilə Co Baydenin hakimiyyəti dövründə ABŞ Azərbaycanla başda enerji sahəsi olmaqla, bir çox istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu desə də, hədə və təhdid ritorikası ilə danışmaqdan vaz keçmirdi. Həmçinin Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və Ermənistanda nüfuz qazanmaq üçün İrəvanla Bakını qarşı-qarşıya gətirən situasiyalar yaradırdı.
Azərbaycan Prezidentinin təbrik mesajında qeyd etdiyi məqamlar D.Tramp dövründə Bakı-Vaşinqton münasibətlərinin normallaşması, hətta inkişafına olan inamın göstəricisidir. Azərbaycanla ABŞ bir çox sahədə əməkdaşlıq edir və yeni perspektivlər var. Avropanın enerji təminatı kimi məsələlərdə Bakı ən etibarlı tərəfdaşdır. Xüsusilə Azərbaycanın İran-İsrail, Türkiyə-İsrail, ABŞ-Rusiya, Ukrayna-Rusiya, ABŞ-Çin kimi tandemlərdə balans yaratmaq ustalığı Vaşinqton üçün Bakını əvəzsiz edir.
Nəticə etibarilə Trampın hakimiyyəti dövründə fors-major hadisə baş verməsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bundan başqa, regional aktor kimi Bakının çəkisinin artması gözləniləndir. Həmçinin Azərbaycan ABŞ-la münasibətləri normallaşdırmağa nail olsa, Avropaya nəql edilən təbii qaz və nəql ediləcək yaşıl enerji artırıla bilər.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər