Prezident İlham Əliyev: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”
COP29-un uğurlu nəticələri iqlim dəyişikliyi ilə
mübarizədə qlobal miqyasda əhəmiyyətli irəliləyişlərə gətirib çıxaracaq. Bu
nəticələrin potensial istiqamətlərini və mümkün təsirlərini bilmək önəmlidir.
Belə ki, COP29-da dünya ölkələri arasında daha ciddi və təsirli karbon
emissiyalarını azaltmaq üçün yeni hədəflər və konkret tədbirlər müəyyən olundu.
Uğurlu bir nəticə olaraq, qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün
karbon neytrallığına gedən yolda konkret qlobal məqsədlər müəyyənləşdi. Bundan
başqa iqlim maliyyəsi artırıldı. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş
etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ
dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf
qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən
300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.
Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya
nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş
irəliləyişlər gözləntiləri üstələdi. İqlim dəyişikliyinə qarşı mübarizə üçün
lazımi maliyyə dəstəyi, xüsusilə inkişaf edən ölkələrə yönəldilmiş iqlim
maliyyəsi böyük əhəmiyyət kəsb edir. COP29-da iqlim maliyyəsi sahəsində daha
çox resurs ayrılması və inkişaf etməkdə olan ölkələrə dəstək verilməsi
qərarları qəbul oluna bilər. Bu, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə daha
çox investisiya və dəstək verilməsi deməkdir.
COP29
qlobal əməkdaşlığın gücləndirilməsində də mühüm rol oynadı. İqlim dəyişikliyi
problemi tək bir ölkənin həll edə biləcəyi bir məsələ deyil. COP29-da dövlətlər
arasında daha güclü və davamlı əməkdaşlıq, xüsusilə inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələr arasında bərabər və ədalətli iqlim tədbirləri üçün
razılaşmalar əldə edilə bilər. Uğurlu bir nəticə olaraq, hər ölkənin iqlim
dəyişikliyi ilə mübarizədə öz rolunu müəyyənləşdirməsi və qlobal səylərin
koordinasiya olunması mümkün olacaq.
Prezident İlham Əliyev COP29-un uğurlu nəticələri ilə bağlı sosial
şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, biz, həmçinin karbon bazarına
dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail
olduq: “Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300
milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni
Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə
olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən
Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim
diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal
iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana
göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və
UNFCCC-yə minnətdarlığımı bildirirəm”. İqlim dəyişikliyinin təsirini azaltmaq
üçün qlobal əməkdaşlıq və çoxşaxəli tərəfdaşlıq vacibdir. Prezident Əliyev hələ
COP29-un açılış mərasimindəki çıxışında da Azərbaycanın bu məsələdə inkişaf
etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlıq etmək niyyəti və davamlı
inkişaf prinsiplərini vurğulamışdır. Bu, həmçinin Azərbaycanın iqlim
dəyişikliklərinin qarşısının alınmasında daha geniş bir əməkdaşlıq etməyə hazır
olduğunu göstərir. Kiçik ada dövlətlərinə olan dəstək, Azərbaycanın həm də
inkişaf sahəsindəki təcrübəsini paylaşmağa hazır olduğunu nümayiş etdirə bilər.
Onu da deyə ki, konfrans boyunca İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin
(SIDS) iştirakı təmin olundu, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas
prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradıldı. Kiçik ada
dövlətləri, iqlim dəyişikliyinin ən ağır təsirlərini yaşayan ölkələrdir.
Məsələn, bu dövlətlər dəniz səviyyəsinin qalxması və təbii fəlakətlər
səbəbindən öz mövcudluqları üçün ciddi təhdid altında ola bilərlər.
Azərbaycanın, bu dövlətlərin problemlərinə diqqət çəkməsi və onlara dəstək
verməsi, ölkənin qlobal iqlim siyasətində ciddi tərəfdaş kimi qəbul edilməsinə
yol aça bilər. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni
vurğulamaq və bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün bir fürsət
olacaq.
COP29
iqlim dəyişikliyi ilə mübarizənin ədalətli olmasını təmin etmək məqsədilə iqlim
ədaləti məsələlərini prioritetləşdirə bilər. Bu, xüsusilə inkişaf etməkdə olan
ölkələr və zəif icmalar üçün iqlim dəyişikliklərindən qorunmaq və adaptasiya
etmək üçün daha çox dəstək və hüquq bərabərliyi təmin edilməsi deməkdir.
COP29-un
Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq səviyyədə daha böyük bir rol
oynamağa başlaması ilə nəticələnib. Lakin bəzi Qərb dövlətləri, Azərbaycanın
enerji siyasəti, insan haqları, ekoloji mövqeyi və geopolitik əlaqələri ilə
bağlı böhtan xarakterli kampaniyalar aparırdılar. Azərbaycan artıq bu
yanaşmalara və faydasız diplomatik təzyiqlərə etinasız baxır. Xüsusilə də bu
cür beynəlxalq tədbirlərdə ölkənin göstərdiyi performans və siyasətə qarşı
beynəlxalq təzyiqlərin heç bir effekti yoxdur. Azərbaycan diplomatiyası
COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Ancaq buna nail olmaq
dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal
aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya
bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq
mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə
bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə
qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.
COP29
iqlim dəyişikliyinin qarşısını almaq, adaptasiya etmək və qlobal səviyyədə
iqlim mübarizəsini effektivləşdirmək üçün mühüm bir mərhələ oldu. Uğurlu
nəticələr, yalnız karbon emissiyalarının azaldılması deyil, həm də inkişaf edən
ölkələrin dəstək alması, sosial və iqtisadi təsirlərin nəzərə alınması və iqlim
dəyişikliyinə qarşı mübarizənin daha ədalətli və davamlı olması üçün əsas
təməlləri atacaq.
Səyavuş Qasımov
Avrasiya Universitetinin
rektoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent