Xərçəng xəstəliyinə düçar olmuş məşhur Hollivud prodüseri Harvi Vaynşteyn Nyu-York şəhərinə qarşı 5 milyon dollarlıq iddia qaldırıb. Bu barədə Associated Press məlumat yayıb.
Prodüserin vəkilləri Vaynşteynin "Rikers Island" həbsxanasında antisanitar şəraitə və aşağı səviyyəli tibbi xidmətlə üz-üzə qaldığını iddia edirlər. Onlar otaqlarda temperaturun aşağı olmasını və təmiz paltarın olmadığını qeyd ediblər.
Prodüserin vəkili İmran Ənsari Nyu-York həbsxanasını məşhur "Qulaq"la müqayisə edib.
“Sonuncu dəfə ona baş çəkdiyim zaman onun həbsxana paltarında qan ləkəsi gördüm. Ola bilsin ki, hardansa düşüb. Paltarlar həftələrdir yuyulmur. Ona təmiz alt paltarı belə verməyiblər”, - vəkil qəzəblənib. Ənsari həmçinin iddia edib ki, prodüser hər dəfə xəstəliklərdən tam sağalmadan həbsxanaya qaytarılır.
Oktyabr ayında Vaynşteynə sümük iliyi xərçənginin nadir forması olan xroniki miyeloid leykemiya diaqnozu qoyulub. Səhhətindəki problemlərə görə prodüser 2024-cü ilin iyul və aprel aylarında xəstəxanaya yerləşdirilib.
Tural