ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi İranla danışıqlar zamanı onun ərazisindən nüvə yanacağının və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.
News365.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Məsələ burasındadır ki, mənim "nüvə tozu" adlandırdığım şeyi götürməyimiz lazımdır, başa düşürsünüz? Ancaq biz bu "nüvə tozu"nu götürməliyik. Biz bunu etməyə hazırlaşırıq və bu, İranla danışıqlarımızın bir hissəsidir. Biz onun onlarda qalmasını istəmirik", - o deyib.
ABŞ Prezidenti qeyd edib ki, o, "2025-ci ilin iyununda İranın atom sənayesi obyektlərinə endirilən zərbələr zamanı, demək olar, tamamilə məhv edilmiş" digər materialları "nüvə tozu" adlandırır.
İyunun 22-də ABŞ İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbələr endirib. Növbəti gün İran Qətərdəki "Əl-Udeyd" aviabazasına hücum edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.