İran Prezidentindən sərt mesaj: " Geri çəkilməyəcəyik"

İran Prezidentindən sərt mesaj: " Geri çəkilməyəcəyik"
15:44

İran Prezidenti Məsud Pezeşkian ölkənin üzləşdiyi təhlükələr, daxili həmrəylik və xarici təhdidlər barədə açıqlamalar verib.

News365.az xəbər verir ki, Yerli KİV-in yaydığı məlumata görə, dövlət başçısı çıxışı zamanı İranın təzyiqlər qarşısında geri çəkilməyəcəyini və milli birliyin ölkənin əsas gücü olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, bəzi xarici qüvvələr İran daxilində parçalanma yaratmağa çalışsalar da, xalqın həmrəyliyi bu cəhdlərin qarşısını alır:

“Bəziləri hesab edirdi ki, qısa müddətdə İranı zəiflədə və planlarını həyata keçirə biləcəklər. Lakin xalqın birliyi onların hesablamalarını alt-üst etdi”.

Prezident vurğulayıb ki, hərbi təzyiq və bombardmanlarla heç bir xalqı təslim etmək mümkün deyil:

“Əgər illərdir münaqişə və müharibə şəraitində olan Qəzza təslim olmayıbsa, İranın da təhdidlər qarşısında geri addım atacağını düşünmək yanlışdır. İran öz müstəqilliyini və suverenliyini qorumaqda qərarlıdır”.

Məsud Pezeşkian ölkənin müharibə şəraitində idarə edilməsinin çətinliklərindən də danışıb. O bildirib ki, problemlərin həlli üçün diplomatik yolların açıq saxlanılması vacibdir və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.

İran lideri qeyd edib ki, ölkə uzunmüddətli gərginlik vəziyyətindən çıxmalı və sabitliyə nail olmalıdır:

“Müharibə heç kimin maraqlarına xidmət etmir. Lakin İranın ərazi bütövlüyünə və milli maraqlarına qarşı hər hansı təhdid olarsa, buna qətiyyətlə cavab veriləcək. Heç kim İranın geri çəkiləcəyini düşünməməlidir”.

Pezeşkian sonda ölkənin gələcək inkişafı üçün milli həmrəyliyin vacibliyini vurğulayaraq, bütün vətəndaşları birlik nümayiş etdirməyə çağırıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada