Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq.
News365.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı abzasda göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində müvafiq məlumatı portalda dərc edəcək.
Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində həmin məlumatları portalda dərc edəcək.
Mövcud qanunvericiliyə görə, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir.
Qanun layihəsinə əsasən, yuxarıdakı abzasda göstərilən satınalmalar, habelə qalib təchizatçı qeyri-rezident olduğu hallar istisna olmaqla bu qanunun şamil edildiyi satınalmalara dair müqavilələr üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.