Zelenskinin Yaxın Şərq səfəri Ukrayna üçün yeni əməkdaşlıq mərhələsi açır

Zelenskinin Yaxın Şərq səfəri Ukrayna üçün yeni əməkdaşlıq mərhələsi açır
10:47

Politoloq Taleh Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin Yaxın Şərqə səfərləri və regiondakı son proseslərlə bağlı fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, Zelenskinin Yaxın Şərq və Körfəz ölkələrinə səfərləri mühüm siyasi mesajlarla yadda qalıb. Politoloqun sözlərinə görə, səfər zamanı yayılan görüntülərdən də aydın olur ki, ərəb ölkələri Ukrayna liderini zəif və ya yardım istəyən tərəf kimi deyil, əksinə, regionda təhlükəsizlik məsələlərində rol oynaya biləcək tərəfdaş kimi qəbul ediblər.

Ekspert qeyd edib ki, səfərdən sonra Zelenskinin açıqlamaları da bu yanaşmanı təsdiqləyir. O bildirib ki, qarşıdakı mərhələdə Körfəz ölkələri ilə Ukrayna arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoya bilər.

T. Əliyev Türkiyənin də mövqeyinə toxunaraq vurğulayıb ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə həlli üçün ilk gündən ciddi təşəbbüslərlə çıxış edib. Lakin onun sözlərinə görə, Rusiyanın geosiyasi ambisiyaları bu cəhdlərin nəticə verməsinə mane olur.

Politoloq, həmçinin Suriya ilə bağlı vəziyyəti də şərh edib. O bildirib ki, Suriya hazırda böhrandan çıxmaq mərhələsindədir və bu ölkə ilə Ukrayna arasında mümkün əməkdaşlıq həm region, həm də Qərb və ərəb ölkələri üçün müəyyən faydalar vəd edir.

Ekspert əlavə edib ki, bəzi açıqlamalarda ABŞ-ın İrana yönəlməsi fonunda Rusiyanın Ukrayna müharibəsindən kənarda qala biləcəyi ilə bağlı fikirlər səslənsə də, hazırkı reallıqda Ukrayna-Rusiya cəbhəsində qüvvələr balansının birmənalı şəkildə Moskvanın xeyrinə olmadığı müşahidə olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada