“Ənənəvi cəmiyyət modelində kişi və qadın rolları var. Cəmiyyət onları qəbul edir.
Bu halda qadına daha çox ailədə bir rol ayrılır. Biz bu modeli tərk etmişik”
Bu sözləri News365.az-a boşanmaların
sayının artma səbəbindən danışan
vəkil Fərhad Mehdiyev deyib. Vəkil qeyd edib ki, hüquqi baxımdan Azərbaycanda qadın
və kişi bərabər olsa da cəmiyyətdə onların rolları fərqli olub. Lakin indiki
zamanda artıq qadınların ailədəki rolu dəyişib:
“Kişi və qadınlar tam olaraq bərabərləşiblər. Bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Biz ənənəvi ailə modelindən uzaqlaşmışıq. Ailədə bir iyerarxiya
olmalıdır ki, o uzunömürlü olsun. Bu iyerarxiya pozulduqda müəyyən problemlər
yaranır.
Kişilər ailədə qoruyucu rolunda olmağa öyrəşib. Kişi ailənin başçısıdır,
hamisidir qadında ailənin kişidən sonrakı böyüyüdür. Bu bizim milli dəyərlərimizdəki
ailə modelidir. İndiki dövrdə isə qadınlar ənənvi rolu qəbul etmirlər. Ailədə
kişilərlə bərabar olmaq istəyirlər. Bütün postmodern cəmiyyətlərdə nikah qalıcı
olmur. Boşanmalar çox olur. Bu prosesə illər əvvəl başlayan cəmiyyətlər artıq
buna öyrəşiblər. Bizdə isə proses yeni başladığı üçün artan boşanma saylarını qəbul
edə bilmirik. Başa düşmək lazımdır ki, əgər ailədə rollar bərabərləşirsə, boşanmaların sayının artması da normaldır”.