Son illərdə Azərbaycanda və dünyada ailə institutunda baş verən dəyişikliklər, boşanma hallarının artması və doğum sayının azalması geniş müzakirə olunan mövzulardandır. Mütəxəssislər bu tendensiyanı cəmiyyətin sosial strukturunda və dəyərlər sistemində baş verən transformasiya ilə əlaqələndirirlər.
News365.az xəbər verir ki, Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev TV365 kanalında yayımlanan verilişdə cəmiyyət və ailə münasibətlərində baş verən dəyişikliklərə münasibət bildirib.
Professor qeyd edib ki, doğum sayının azalması və ailə modelindəki dəyişikliklər ənənəvi cəmiyyət strukturundan uzaqlaşma ilə bağlıdır. Onun sözlərinə görə, ənənəvi modeldə kişi və qadın rolları cəmiyyət tərəfindən qəbul olunmuşdu və qadına daha çox ailədaxili rol ayrılırdı. Müasir dövrdə isə hüquq və vəzifələr baxımından qadın və kişi bərabərləşdirilsə də, sosial rollar və bu rollara yüklənən məsuliyyətlər fərqli olaraq qalır.
Fərhad Mehdiyev bildirib ki, bu sosial rolların da eyniləşdirilməsi müəyyən problemlərə səbəb olur. O, ailəni ierarxik qurum kimi dəyərləndirərək vurğulayıb ki, ailədaxili münasibətlərdə müəyyən nizam və hörmət prinsipləri olmadan onun sabitliyini qorumaq çətindir.
Professorun fikrincə, ənənəvi olaraq kişi ailənin qoruyucusu və təminatçısı rolunda çıxış edib və bu dəyərlər cəmiyyətin əsasını təşkil edib. Lakin hazırda qadınların ənənəvi roldan çıxmasına baxmayaraq, kişilərin bu dəyişikliklərə münasibəti tam formalaşmayıb və bu da sosial balansın pozulmasına gətirib çıxarır.
O əlavə edib ki, postmodern cəmiyyətlərdə ailə institutuna yanaşma da dəyişib. Əvvəllər ailənin qorunub saxlanılması prioritet sayıldığı halda, indi fərdi xoşbəxtlik ön plana çəkilir və ailə bu tələbi ödəmədikdə, ondan ayrılmaq daha qəbulolunan hesab edilir.