Smart-kart tipli qaz sayğacları yenidən mexaniki sayğaclarla əvəz olunmağa başlayıb.
Bununla bağlı bəzi abonentlərə məktub göndərilsə də, bəziləri sayğacların icazəsiz quraşdırıldığını bildirir. Bir çox abonent isə mexaniki sayğacların quraşdırılmasının əleyhinədir.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, yeni pilot layihəyə əsasən, mexaniki tipli sayğacların üzərinə smart qurğular quraşdırılır:
“”Enerji resurslarından səmərəli istifadə haqqında” qanunun tələblərinə əsasən, artıq abunəçilər smart, yəni, ağıllı qaz sayğacları ilə təchiz edilməlidir. Bildiyiniz kimi, smart kart tipli qaz sayğacları oflayn rejimdə çalışır. Hazırda smart tipli qaz sayğaclarının əvəzlənməsi prosesi gedir. Belə ki, mexaniki tipli sayğacların üzərinə smart qurğular quraşdırılır.
Bu işlər hazırda pilot layihə olaraq həyata keçirilir, növbəti ildən daha geniş miqyasda aparılacaq.
Yeni qurğular sayəsində sayğaclar ağıllı sayğac tələblərinə tam cavab verəcək. Bu sistemin üstünlükləri informasiya, müasir kommunikasiya vasitələri ilə ötürüləcək. Həm istehlakçı, həm də qaz paylayıcı saatlıq və günlük qaz sərfiyyatını anında izləyə biləcək”./// Bizim.Media