3 aprel 2026-cı il tarixində Qazaxıstan
Respublikasının Xarici İşlər nazirinin müavini cənab Alibek Bakayev Türk Mədəniyyəti
və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə
görüşüb.
Görüş zamanı Türk dünyasının ortaq mədəni
irsinin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində əməkdaşlığın
genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər Qazaxıstanın mədəni
irsinin Fondun layihələrində daha geniş təmsil olunması, maddi mədəni nümunələrin
qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün yeni mexanizmlərin
yaradılmasını müzakirə ediblər. Həmçinin 2026-cı il üçün planlaşdırılan birgə təşəbbüslərin
müasir texnologiyalardan istifadə edilməklə və daha praktiki nəticələrin əldə
olunması hədəfi ilə həyata keçirilməsi məsələsi dəyərləndirilib.
Fondun prezidenti professor xanım Aktotı
Raimkulova qeyd edib ki, Qazaxıstan Türk Mədəniyyəti və İrsi Fondunun qurucu
dövlətlərindən biri kimi təşkilatın fəaliyyətinə hər zaman böyük dəstək verir.
O, Fondun türk xalqlarını birləşdirən ortaq dəyərlərin qorunması istiqamətindəki
fəaliyyətinin Qazaxıstanla sıx əməkdaşlıq şəraitində davam edəcəyini
vurğulayıb.
Cənab nazir Alibek Bakayev öz növbəsində səmimi
qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstan Xarici İşlər Nazirliyinin Fondun
həyata keçirdiyi proqramlara hər tərəfli dəstək verməyə hazır olduğunu diqqətə
çatdırıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gələcək mərhələlərdə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, ikitərəfli əlaqələrin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.




