" TDT yeni siyasi güc mərkəzinə çevrilə bilər" - Politoloqdan şərh

" TDT yeni siyasi güc mərkəzinə çevrilə bilər" - Politoloqdan şərh
17:00

Azərbaycanın Türk Dövlətləri Təşkilatının (TDT) inkişafında fəal rol oynaması və təşkilatın yalnız mədəni-tarixi əməkdaşlıq platforması deyil, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində koordinasiyalı fəaliyyət göstərən siyasi gücə çevrilməsi istiqamətində təşəbbüsləri diqqət çəkir.

Sentyabrın 17-də Prezident İlham Əliyev TDT Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Görüş zamanı TDT-nin beynəlxalq mövqeyinin gücləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələləri ilə bağlı bir sıra mühüm məqamlara toxunulub.

Mövzu ilə bağlı politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan hazırda TDT-nin inkişafında ən fəal ölkələrdən biridir.


Onun sözlərinə görə, təşkilat son illərdə mədəni, tarixi və iqtisadi əməkdaşlıq istiqamətlərində mühüm irəliləyişlər əldə edib. Bununla yanaşı, qarşıdakı mərhələdə TDT-nin beynəlxalq siyasətdə daha koordinasiyalı mövqe nümayiş etdirməsi əsas məsələlərdən biri ola bilər.

Politoloq Prezident İlham Əliyevin çıxışında TDT-nin gələcək istiqamətləri ilə bağlı mühüm mesajların verildiyini vurğulayıb:

“Əminliklə demək olar ki, təxminən iyirmi illik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq”.

Turan Rzayev hesab edir ki, Prezidentin “beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək” fikri təşkilatın gələcək fəaliyyətinin istiqamətini anlamaq baxımından əhəmiyyətlidir.

“Bakı və TDT-yə üzv digər dövlətlərin yanaşmasında təşkilatın yalnız mədəni və tarixi yaxınlıq üzərində birləşən məkan kimi qalması deyil, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində koordinasiyalı fəaliyyət göstərən siyasi gücə çevrilməsi hədəfi görünür. Prezidentin çıxışında da TDT-nin gələcəyi ilə bağlı məhz bu yanaşma diqqət çəkirdi”, – politoloq qeyd edib.

Onun fikrincə, təhlükəsizlik anlayışı da artıq yalnız sərhədlərin qorunması və hərbi təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır.

“Bu gün təhlükəsizlik enerji marşrutlarından tutmuş gənclərin dünyagörüşünə, beynəlxalq hüququn işləkliyindən ictimai-siyasi sabitliyə qədər geniş anlayışdır. Bakının TDT çərçivəsində əməkdaşlığa yanaşmasını anlamaq üçün bu məqam xüsusi əhəmiyyət daşıyır”, – Turan Rzayev bildirib.

Politoloq son günlər Bakıda Türk dövlətlərinin dini liderlərinin və təhlükəsizlik şuralarının katiblərinin görüşlərinin keçirilməsinə də diqqət çəkib. Onun fikrincə, fərqli formatlarda təşkil olunan bu görüşlər Türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndiyini göstərir.

“TDT üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq siyasətdə ifadə edə bilən, iqtisadi və nəqliyyat imkanlarını birləşdirən, təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərən siyasi mərkəzə çevrilə bilər. Bunun üçün isə siyasi dialoqla yanaşı, real iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsi vacibdir”, – deyə o əlavə edib.

Turan Rzayev Azərbaycanın TDT daxilindəki mövqeyinə təsir edən əsas amillərdən birinin ölkənin coğrafi mövqeyi və müxtəlif türk dövlətləri ilə əlaqələri olduğunu düşünür.

“Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə sıxlaşan əlaqələr, Avropa ilə Asiya arasında coğrafi mövqe, enerji və nəqliyyat layihələrindəki tranzit imkanlar Azərbaycanın təşkilat daxilində mühüm rolunu şərtləndirən amillərdir”, – politoloq vurğulayıb.

O, Prezident İlham Əliyevin Azərbaycanın coğrafi mövqeyi ilə bağlı fikirlərini də xatırladıb:

“Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və həm TDT-nin Mərkəzi Asiya üzv dövlətləri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqələri – təbii olaraq, nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin bütün ölkələrimizin xeyrinə maksimum dərəcədə həyata keçirilməsində oynadığımız rolu vurğulayır”.

Politoloqun sözlərinə görə, burada əsas məqam Azərbaycanın TDT çərçivəsindəki təşəbbüslərinin yalnız milli iqtisadi maraqlarla məhdudlaşmamasıdır.

“Azərbaycanın təqdim etdiyi modeldə milli maraqların digər türk dövlətlərinin inkişafı və onların bir-biri ilə bağlantılarının gücləndirilməsi ilə uzlaşdırılması nəzərdə tutulur. Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələr genişləndikcə, Azərbaycan həmin əlaqələrin mühüm tranzit və siyasi qovşaqlarından biri kimi çıxış edə bilər”, – Rzayev bildirib.

O hesab edir ki, TDT-nin güclənməsi Azərbaycanın regional əhəmiyyətinin artması ilə paralel gedən prosesdir.

“Azərbaycanın Şuşada qeyri-rəsmi sammit təşəbbüsü də bu baxımdan siyasi məna daşıyır. Şuşa Türk dövlətlərinin siyasi dialoqu üçün məkan olmaqla yanaşı, Azərbaycanın təşkilat daxilindəki təşəbbüskarlığını nümayiş etdirdiyi ünvanlardan biridir”, – politoloq deyib.

Turan Rzayev Mərkəzi Asiyanın enerji və digər iqtisadi resurslarının Xəzər üzərindən Qərbə daşınması, Türkiyə ilə əlaqələrin genişləndirilməsi və Avropa bazarlarına çıxış imkanlarının da TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən ola biləcəyini söyləyib.

“Bu istiqamətdə əməkdaşlığın genişlənməsi TDT üzv dövlətlərinin bir-birinə real iqtisadi və nəqliyyat ehtiyacını artırır. Təşkilatın geosiyasi çəkisinin möhkəmlənməsi də yalnız siyasi bəyanatlarla deyil, məhz belə real bağlantılarla mümkün ola bilər”, – deyə politoloq vurğulayıb.

O bildirib ki, Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında sənədlər imzalaması da TDT çərçivəsində əməkdaşlığın ikitərəfli münasibətlərlə paralel inkişaf etdiyini göstərir.

“Bakı təşkilat daxilində əməkdaşlığı yalnız çoxtərəfli formatla məhdudlaşdırmır. Üzv dövlətlərlə ikitərəfli münasibətlər də paralel şəkildə inkişaf etdirilir. Güclü ikitərəfli əlaqələr çoxtərəfli əməkdaşlığın da daha sağlam təməl üzərində qurulmasına imkan verir”, – Turan Rzayev əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada