Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin təhsil müəssisələrində qonşu dövlətlərə qarşı ərazi iddialarını və irredentist yanaşmaları əks etdirən fikirlərin yayılmasına qarşı mövqe ortaya qoyması diqqət çəkir. Paşinyan gələcək nəsillərin “xəyali xəritələr” deyil, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində formalaşmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, Paşinyanın bu mövqeyi Ermənistan cəmiyyətində qonşu ölkələrə münasibətin dəyişməsinə və Azərbaycanla münasibətlərin normallaşması prosesinə təsir göstərə bilərmi?
News365.az. xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib.
Millət vəkili vurğulayıb ki, yüz ildən çox müddət ərzində erməni cəmiyyətinə “dənizdən dənizə Ermənistan” ideologiyası təlqin olunub:
"Heç bir əsası olmayan mifik “Böyük Ermənistan” xülyası nəsildən nəsilə ermənilərin şüurunda dərin kök salıb. Qarabağın işğalı da ermənilərin bu psevdo- patriotik inamı və ideologiyası sayəsində baş tutmuşdu.
Qarabağı azad edib geri qaytarmasaydıq bu həmin zərərli ideologiyanın ermənilərin şüurunda daha da möhkəmlənməsinə və gələcəkdə yeni müharibələrin alovlanmasına gətirib çıxara bilərdi. Azərbaycan dövləti nə qədər sülh danışıqları vasitəsilə erməniləri bu yoldan çəkindirməyə çalışsa da bu savaşsız mümkün olmadı.
İndi vəziyyət kökündən dəyişib. Bəzi erməni ziyalıları özləri də Cənubi Qafqaza köçürülməklə yerləşdirildiklərini və bunun böyük güc dövlətlərinin maraqlarına uyğun olaraq baş verdiyini etiraf edirlər. İndiki reallıqlar şəraitində Ermənistan Baş nazirinin dərsliklərlə bağlı açıqlaması diqqətəlayiq haldır.
Burada Paşinyanın fikirləri onun “Real Ermənistan” siyasəti ilə üst- üstə düşür. Bu siyasət ilk növbədə ermənilərin özlərinin uydurma tarixdən imtina edib, beynəlxalq birlik tərəfindən tanınmış ərazisində yeni dövlət quruculuğuna yol aça bilər.
Əsas məsələ erməni cəmiyyətinə real erməni tarixini öyrətmək və iki yüz ilə yaxın müddət ərzində beyinlərə sırınmış mifik “böyük Ermənistan” iddiasının yalan və əsassız olduğunu qəbul etdirməkdən ibarətdir.
Paşinyan da buna çalışır və anlayır ki, yeganə çıxış yolu “Real Ermənistan” uğrunda mübarizə aparmaqdır və siyasətdə bundan fərqli bir yanaşmamnın seçilməsi Ermənistanın bu günkü kövrək dövlətçiliyinə də son qoya bilər".