"TDT dünyaya ədalət və sabitlik çağırışı edir"- Politoloqdan AÇIQLAMA

"TDT dünyaya ədalət və sabitlik çağırışı edir"- Politoloqdan AÇIQLAMA
17:10

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı səsləndirdiyi fikirlər bütün türk dövlətlərində böyük maraqla qarşılanıb”.

Bunu politoloq Tural İsmayılov News365.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, hazırda dünyada geosiyasi xaos və qeyri-müəyyənlik hökm sürür, müxtəlif regionlarda yeni münaqişə ocaqlarının yaranması riski qalmaqdadır. Belə bir şəraitdə TDT-nin sabitlik və ədalət çağırışları ilə çıxış etməsi əhəmiyyətlidir.

“Bu gün Türk Dövlətləri Təşkilatı qlobal xaosun və nizamsızlığın hökm sürdüyü dünyaya ədalət çağırışı edən təşkilatlardan biridir. Dünyanın müxtəlif yerlərində müharibələr gedir, yeni müharibə ocaqlarının yaranması riskləri mövcuddur. Belə bir vəziyyətdə dünyaya sabitlik, sülh və həmrəylik çağırışları etmək, ümumilikdə bəşəriyyətin rifahı naminə ciddi təşəbbüslər irəli sürmək hər bir təşkilata nəsib olmur”, – deyə politoloq bildirib.

Tural İsmayılov qeyd edib ki, beynəlxalq təşkilatların təsir imkanlarının zəiflədiyi bir dövrdə TDT-nin inkişaf etməsi və aydın vizyona malik olması xüsusi əhəmiyyət daşıyır.

“Beynəlxalq təşkilatların təsir gücünün zəiflədiyi və ya minimuma endiyi bir vaxtda Türk Dövlətləri Təşkilatının inkişafı, aydın vizyon ortaya qoyması və Azərbaycanın bu prosesdə aparıcı mövqedə olması ölkəmizin əhəmiyyətini bir daha nümayiş etdirir”, – o vurğulayıb.

Politoloqun fikrincə, Azərbaycan üçün əsas prioritetlərdən biri türk dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsidir. O, son günlər Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin dini liderləri və təhlükəsizlik strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlərin də bu siyasətin göstəricisi olduğunu bildirib.

“Cənab Prezidentin həftə ərzində həm Türk Dövlətləri Təşkilatına üzv ölkələrin din xadimləri, həm də təhlükəsizlik strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər bu istiqamətin Azərbaycan üçün nə qədər prioritet olduğunu göstərir”, – Tural İsmayılov deyib.

O əlavə edib ki, müasir dövrdə türk dünyasına qarşı ideoloji və hibrid təhdidlərin artdığı bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması da xüsusi əhəmiyyət kəsb edir.

“Bu gün türk dünyasına qarşı yönəlmiş ideoloji və hibrid təhdidlərin mövcud olduğu bir dövrdə milli-mənəvi keyfiyyətlərin və dəyərlərin qorunmasının vacibliyi bir daha ortaya çıxır. Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi münasibətləri əlaqələndirən platforma deyil. TDT eyni zamanda mənəvi və ideoloji baxımdan birliyin nə qədər vacib olduğunu nümayiş etdirən mühüm bir platformadır”, – politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada