Fermerlər əkindən əvvəl maliyyə əldə edə bilsinlər – DEPUTAT

Fermerlər əkindən əvvəl maliyyə əldə edə bilsinlər – DEPUTAT
12:17

Fermerlərin gələcək məhsul hesabına əkin başlamazdan əvvəl maliyyə resurslarına çıxışının təmin edilməsi təklif olunub.

News365.az xəbər verir ki, bu təklif Milli Məclisin Aqrar siyasət komitəsində “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov tərəfindən səsləndirilib.

Deputat bildirib ki, fermerlər məhsulu istehsal etdikdən sonra deyil, əkin başlamazdan əvvəl maliyyə resursları əldə edə bilməlidirlər:

“Çox vacibdir ki, fermerlərə, eləcə də kənd təsərrüfatı sahəsində çalışan insanlara maliyyəyə çıxışın daha tez əldə edilməsinə şərait yaradılsın. Fermer məhsulu istehsal etdikdən sonra deyil, əkin başlamazdan əvvəl, gələcək məhsul hesabına maliyyə resursları əldə edə bilsin. Bu, çox vacib məsələdir.

Digər bir məsələ isə şəffaflıq və kiçik fermerlərin qorunması ilə bağlıdır. Belə məsələlərdə şəffaflıq tam təmin olunmalıdır. Fermer öncədən nə qədər vəsait aldığını, nə qədər öhdəlik götürdüyünü və sonunda bunun maliyyə yükünün nə qədər olacağını dəqiq bilməlidir. Əks halda, çox vaxt belə məsələlərdə böyük fermer təsərrüfatları və ya iri fermerlər üstünlük qazanırlar.

Biz qanunda elə mexanizm qurmalıyıq ki, kiçik və orta kənd təsərrüfatı sahibkarlarının da hüquqları qorunsun.

İlkin mərhələdə stimullaşdırma tədbirlərinin qeyd olunmasını istərdim. Məsələn, məhsul şəhadətnaməsi üzrə maliyyələşmə zamanı kiçik fermerlər üçün faiz dərəcələrinin və ya xərclərin müəyyən hissəsinin ilkin vaxtda subsidiyalaşdırılması faydalı olar. Bu, yeni fermer təsərrüfatlarının bu imkandan daha səmərəli istifadə etməsinə şərait yaradacaq.

Şəhadətnamələrin alınmasında şəffaflıqla yanaşı, sənədləşmə prosesi də sadə olmalıdır. Fermerlər vaxtlarını kabinetlərdə və qəbullarda deyil, təsərrüfat başında keçirməlidirlər. Sənədləşmə və prosedurlar yüngül formada təşkil edilməlidir ki, artıq bürokratik maneələr yaranmasın.

Düşünürəm ki, biz real olaraq bu sahədə çalışan insanlara dəstək verə bilərik. Çox yüksək səviyyədə hazırlanmış qanun layihəsidir. Detallara baxıldıqca və müzakirələr zənginləşdikcə mükəmməl bir qanun qəbul olunacaq və fermerlərimizin maliyyəyə çıxışını asanlaşdıracaq.

Çünki insanlara maliyyə resursları məhsul satılandan sonra deyil, əkin-biçin prosesindən öncə lazımdır”.


Sizin reklam burada
Sizin reklam burada