İnternet bahalaşır, bəs sürət artacaq? Ekspertdən provayderlərə çağırış

İnternet bahalaşır, bəs sürət artacaq? Ekspertdən provayderlərə çağırış
12:40

Azərbaycanda sabit internet tariflərində gözlənilən dəyişikliklər fonunda istifadəçilərin ödədikləri məbləğlə yanaşı, qarşılığında əldə etdikləri internet sürəti də gündəmə gəlib. Ekspertlər hesab edir ki, tariflərin artırılması ilə paralel olaraq abunəçilərə daha yüksək sürətli və keyfiyyətli xidmətlərin təqdim olunması vacibdir.

Məsələni İKT üzrə mütəxəssis Elvin Abbasov şərh edib.

News365.az xəbər verir ki, ekspert Azərbaycanda genişzolaqlı internetin median sürətinin son dövrdə artdığını, lakin provayderlərin yüksək sürətli paketləri kifayət qədər əlçatan etmədiyini bildirib.

Onun sözlərinə görə, minimal sürət paketləri bir sıra bazarlarda artıq 250-300 Mbit/s-dən başlayır. Azərbaycanda isə infrastruktur imkanları genişlənsə də, bu imkanlar abonentlərə tam şəkildə təqdim olunmur.

“Azərbaycan genişzolaqlı internetin median sürəti üzrə üç pillə irəliləyib. Ölkəni əhatə edən 1 Gbit/s-lik infrastruktur qurulmasına baxmayaraq, provayderlər yüksək sürətli paketlərin təqdim edilməsində kifayət qədər fəal deyillər”, – deyə Elvin Abbasov bildirib.

Ekspertin sözlərinə görə, hazırda bazarda 250 Mbit/s sürətli tariflərdə hər 1 Mbit/s üçün orta ödəniş təxminən 0,14 manat təşkil edir. O hesab edir ki, daha yüksək sürətlərin tətbiqi üçün əsas yanaşma qiymətləri artırmaq deyil, hər meqabitə düşən ödənişi azaltmaq olmalıdır.

Elvin Abbasov hesab edir ki, hər Mbit/s üzrə orta ödənişin 10-20 faiz aşağı salınması daha yüksək sürətli minimal paketlərin tətbiqinə imkan verə bilər.

“Dəyişən bazar şərtləri fonunda bu yanaşma xidmət keyfiyyətinin dayanıqlığını da təmin edə bilər. Qiymətdən əvvəl ölkə üzrə median sürətin artırılması və sabit keyfiyyətin təmin olunması üçün provayderlər yüksək sürətli paketləri daha əlçatan etməlidirlər”, – deyə ekspert vurğulayıb.

Tariflər oktyabrdan dəyişir

Qeyd edək ki, oktyabrın 1-dən qiyməti 18 manat və daha aşağı olan sabit internet tariflərinin 25 manatlıq vahid minimum tarifə keçirilməsi nəzərdə tutulur.

Dəyişiklik yalnız sabit genişzolaqlı internet xidmətlərinə şamil ediləcək. Mobil rabitə və mobil internet paketləri yeni tarif qaydalarından kənarda qalacaq.

Məlumata görə, qərarın əsas məqsədlərindən biri telekommunikasiya bazarında tariflərin vahidləşdirilməsi və infrastrukturun inkişafının davam etdirilməsidir. Yeni qaydaların çoxsaylı abunəçiyə təsir göstərəcəyi gözlənilir.

Bununla yanaşı, provayderlərin yeni tariflər çərçivəsində istifadəçilərə daha yüksək internet sürəti və əlavə xidmətlər təqdim etməsi mümkündür. Operatorlar qarşıdakı dəyişikliklərlə bağlı müştərilərini mərhələli şəkildə məlumatlandırırlar.

Hazırda isə bəzi alternativ provayderlərdə aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ADSL internet paketləri də mövcuddur.


Sizin reklam burada
Sizin reklam burada