Uşağın saatlarla telefona baxması valideyn üçün adi görünə bilər. Lakin gün ərzində ekran qarşısında keçirilən uzun saatlar yeniyetmənin yalnız vaxtını deyil, onun emosional vəziyyətini, özünə münasibətini və ətrafdakılarla ünsiyyətini də dəyişə bilər. Xüsusilə yeniyetməlik dövründə sosial şəbəkələrdən həddindən artıq istifadə müxtəlif psixoloji problemlərin yaranmasına zəmin yarada bilər.
Mövzu ilə bağlı psixoloq Günay Kərimi News365.az-a açıqlamasında bildirib ki, texnologiyanın uşaqların həyatına təsiri birmənalı deyil və burada əsas məsələ ondan necə istifadə edilməsidir.
Onun sözlərinə görə, 15-17 yaş aralığı uşağın həm fiziki, həm də psixoloji və emosional baxımdan ciddi dəyişikliklər yaşadığı dövrdür. Bu mərhələdə sosial şəbəkələrdə qarşılaşdıqları məzmun yeniyetmələrin davranış və düşüncələrinə təsir göstərə bilər.
“Texnologiya dövründə yaşayırıq və uşaqları bundan tamamilə uzaqlaşdırmaq mümkün deyil. Lakin texnologiyanın uşağa təsiri istifadə müddətindən, baxdığı məzmundan və onun sosial mühitindən asılı olaraq dəyişir. Həddindən artıq və nəzarətsiz istifadə zamanı əhval dəyişiklikləri, narahatlıq, özünə dəyərin aşağı düşməsi, sosiallaşmadan uzaqlaşma və özünəqapanma kimi hallar müşahidə oluna bilər”, – psixoloq deyib.
Günay Kərimi sosial şəbəkələrin yalnız mənfi tərəflərindən danışmağın düzgün olmadığını da vurğulayıb. Onun fikrincə, internet və sosial platformalardan məqsədyönlü istifadə uşaqların inkişafı üçün faydalı imkanlar yarada bilər.
“Düzgün istifadə olunduqda sosial şəbəkələr uşağın maraq dairəsinin genişlənməsinə, yeni bacarıqlar kəşf etməsinə və müxtəlif hobbilər qazanmasına kömək edə bilər. Eyni zamanda elmi materiallara çıxış, dil öyrənmək və yeni biliklər əldə etmək üçün geniş imkanlar yaradır”, – deyə o bildirib.
Psixoloq hesab edir ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşağın hansı platformalardan istifadə etməsi, nə izləməsi və hansı oyunları oynaması diqqətdə saxlanılmalıdır.
“Valideyn uşağın sosial şəbəkələrdə keçirdiyi vaxta müəyyən məhdudiyyət qoymalıdır. Eyni zamanda tanımadığı insanlarla ünsiyyətin hansı təhlükələr yarada biləcəyi ona izah edilməlidir. Sadəcə qadağa qoymaq əvəzinə uşağa alternativ məşğuliyyətlər yaratmaq daha effektivdir”, – G.Kərimi qeyd edib.
O bildirib ki, idman, incəsənət, mütaliə, dil öyrənmək və digər faydalı fəaliyyətlər uşağın gününü daha səmərəli keçirməsinə imkan verir. Bu, həm də onun sosial mühitə uyğunlaşmasına və real həyatda ünsiyyət bacarıqlarının inkişafına kömək edir.
Psixoloqun sözlərinə görə, uşağı sosial şəbəkələrdən uzaq tutmağın ən effektiv yollarından biri onunla daha çox vaxt keçirmək və ünsiyyət qurmaqdır.
“Valideyn ilk növbədə övladını tanımalıdır. Onun nəyə maraq göstərdiyini, nəyi sevdiyini bilməli, bacarıqlarını üzə çıxarmağa çalışmalıdır. Uşaq ailədə kifayət qədər diqqət və ünsiyyət gördükdə bütün boş vaxtını telefonda keçirməyə ehtiyac duymur. Birlikdə vaxt keçirmək, söhbət etmək və uşağın maraqlarına dəstək olmaq sosial şəbəkələrdən həddindən artıq istifadənin və asılılıq riskinin qarşısını almaqda mühüm rol oynayır”, – Günay Kərimi əlavə edib.