“İnsanlar xoşbəxt olmaqdan çox, xoşbəxt görünməyə çalışırlar” - Psixoloqdan xəbərdarlıq

“İnsanlar xoşbəxt olmaqdan çox, xoşbəxt görünməyə çalışırlar” - Psixoloqdan xəbərdarlıq
12:30

“Necəsən?” sualı gündəlik həyatımızın ən çox eşitdiyimiz suallarından biridir. Lakin bu suala verilən “yaxşıyam” cavabı heç də həmişə insanın həqiqi hisslərini əks etdirmir. Yorğunluq, məyusluq və narahatlıq çox vaxt gizlədilir, çünki cəmiyyətə zəif görünmək istəmirik.

Psixoloq Zeynəb Əliyeva insanların öz emosiyalarını gizlətməsinin səbəbləri və sosial şəbəkələrin bu prosesə təsiri barədə danışıb.

News365.az xəbər verir ki, psixoloq insanın hər gün eyni ruh halında olmasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bəzən enerjili, bəzən yorğun, bəzən isə heç kimlə ünsiyyət qurmaq istəməyən vəziyyətdə olmaq tamamilə təbiidir.

“İnsanın müxtəlif emosiyalar yaşaması onun həyatının pis getdiyi anlamına gəlmir. Məyusluq, yorğunluq, uğursuzluq və kədər də həyatın bir hissəsidir. Əsas məsələ bu hissləri inkar etmək və ya gizlətmək deyil”, – deyə Zeynəb Əliyeva vurğulayıb.

Psixoloq hesab edir ki, problemin kökündə uşaqlıqdan formalaşan “hər zaman yaxşı görünməliyəm” düşüncəsi də dayanır. İnsan özünü pis hiss etdiyini etiraf etdikdə bunu zəiflik kimi qəbul edə bilər. Nəticədə isə real hisslərini ifadə etmək əvəzinə, cəmiyyətin gözləntisinə uyğun davranmağa başlayır.

Zeynəb Əliyeva sosial şəbəkələrin bu təzyiqi daha da artırdığını qeyd edib. O bildirib ki, istifadəçilər adətən həyatlarının bütün tərəflərini deyil, göstərmək istədikləri hissəsini paylaşırlar.

“Kiminsə səyahət fotolarını görürük, amma həmin səfərə qədər yaşadığı stressdən xəbərimiz olmur. Gülümsədiyi şəkli görürük, həmin insanın o gün ağladığını bilmirik. Uğurunu görürük, lakin həmin uğura gedən yolda üzləşdiyi uğursuzluqları görmürük”, – deyə psixoloq bildirib.

Onun sözlərinə görə, problem insanların öz həyatını sosial şəbəkələrdəki “seçilmiş görüntülərlə” müqayisə etməsindən sonra başlayır. Belə müqayisə insanda “hamı xoşbəxtdir, yalnız mənim həyatım qaydasında deyil” düşüncəsi yarada bilər.

“İnsanlar bir müddət sonra xoşbəxt olmaqdan daha çox, xoşbəxt görünməyə başlayırlar”, – deyə Zeynəb Əliyeva diqqətə çatdırıb.

Psixoloq insanlara vaxtaşırı özlərinə “Mən həqiqətən nə hiss edirəm?” sualını verməyi tövsiyə edib. O bildirib ki, bəzən insanın ehtiyacı özünü xoşbəxt göstərmək deyil, sadəcə yorulduğunu qəbul etməkdir.

“Güclü görünmək üçün hər zaman ‘mən yaxşıyam’ deməyə ehtiyac yoxdur. Bəzən yorulduğunu, məyus olduğunu və çətinlik yaşadığını etiraf etmək daha sağlam yanaşmadır”, – deyə o əlavə edib.

Zeynəb Əliyeva sonda psixoloji sağlamlığın daim yaxşı əhval-ruhiyyədə olmaq anlamına gəlmədiyini vurğulayıb. Onun fikrincə, insan həm sevincə, həm kədərə, həm narahatlığa, həm də yorğunluğa öz həyatında yer verməyi bacarmalıdır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada