Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa hazırlayıb

Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa hazırlayıb
24 İyn 2024 11:21

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadə Milli mücadilə yolumuzu, mübariz ruhumuzu, tərənnüm edən yeni əsərin səhnə versiyasını hazırlayıb.

Bu barədə News365.az- a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Məlumatda deyilir ki, şəhidlərimiz, qazilərimiz və müharibə veteranlarımızın qəhrəmanlığına ithaf olunan "Xeyir Xəbər" əsərində xeyirin şər üzərindəki qələbəsi və tarixi ədalətin təntənə məqamı əksini tapır.

Əməkdar İncəsənət xadimi Əli Əmirlinin qələmə aldığı bu əsərdə bir ailənin taleyi kontekstində milli-mənəvi dəyərlər, təmkin, iradə, Vətən sevgisi, təbliğ olunur.

Bu prosesdə obrazların qarışıq duyğuları, psixoloji məqamları, fərdi istirabları üstələyən Vətən sevgisi quruluşçu rejissor tərəfindən həssaslıqla işlənilib. Rejissor ideyasını mükəmməl aktyor oyunu, bədii tərtibat və situasiyanı düzgün assosasiya edən musiqi tamamlayır.

Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafika və montaj işi Sahil Nəzərova məxsusdur.

Səhnə əsərində Əməkdar artist Elmira Kərimova aktyorlar Habil Xanlarov, Məryəm Hüseynli, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Akif Mirzəyev və Siyavuş Mahmudov çıxış edirlər.

Qeyd edək ki tamaşanın premyerası Milli Ordu Günü ərəfəsində - 25 iyun saat 18⁰⁰-da gerçəkləşəcək.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər