Sosial şəbəkə trolları: Onları kimlər idarə edir?- Tural İrfan yazır

Sosial şəbəkə trolları: Onları kimlər idarə edir?-  Tural İrfan yazır
12 İyn 2024 09:43

Müasir dünyamızın reallıqlarından biri də trollardır. Bu gün sosial şəbəkələrdə ayrı-ayrı qüvvələrə xidmət edən, onların göstərişi ilə total hücumlar edən xüsusi adamlar var. Və belələri əsasən saxta profillə fəaliyyət göstərir. Bu da onunla bağlıdır ki, belələri hədəfi təkcə tənqid etmir, həm də təhqir edir. Ona görə də onlar əsl kimliklərini gizlədirlər. Çox təəssüf ki, belələrindən ən çox xarici qüvvələr istifadə edir.

Məsələ ilə bağlı News365.az –a danışan MCP-nin sədr müavini Tural İrfan bu məsələdə ən çox hücumlara məruz qalan şəxslərdən biri də o olduğunu söylədi:

“Bir qayda olaraq yazılarımın, çıxışlarımın altında din adı altında çoxlu söyüş söyən görürəm. Ya profillərinə dini adlar qoyublar, ya da öz adlarının əvvəlinə "Hacı", "Kərbəlayi", "Məşədi", "Sələfi", "Mücahid", "Müvəhhid", "Şeyx" kimi terminlər qoşublar. Elə söyüş növləri, elə təhqir ifadələri, elə pozğun ibarələr ilə yazırlar ki, o söyüşləri toplayıb "saxta dindarların söyüş lüğəti" adı ilə nəşr etmək olar.

Bu mənzərədə təsəlliverici bircə odur ki, bu adamların nəinki dinə aidiyyəti olmadığını tam aydın görürsən, hətta dinin düşməni olduğunu da görürsən”.

Müsahibimiz bildirdi ki, din fiziki cəhətdən təmizlikdən, mənəvi cəhətdən də əxlaqdan başlayır:

“Bu adamların nəinki əxlaqı yoxdur, hətta ictimai yerdə söyüş söyməklə əxlaqsızlıq yaymaqları da sübut olunur. İslam Peyğəmbəri buyurur ki, sizin ən xeyirliniz əxlaqı gözəl olandır. Demək ən şərliniz də əxlaqsız olanınızdır, demək.

Nas sirəsində şeytanın sifətləri zikr ediləndə onun insanlardan da olduğu qeyd edilir. İndi dinlə maskalanmış bu adamların da şeytan olduğunu unutmayın.

Onların burada söyüş söyməkləri iç üzlərinin açılmasında rol oynayır, eyni zamanda bu, məqsədlərinin dini dəyərləri məhv etmək olmasına açıq dəlildir. Odur ki, sosial şəbəkədə din adı ilə, dini profillər ilə söyüş yazan, təhqir, iftira, qarayaxma, qiybət yazan görən kimi bilin ki, o İslam düşmənidir, Əhli Beyt, Peyğəmbər, Quran düşmənidir.

Bilin ki, elələri İslamı gözdən salmaq, cəmiyyəti dindən ikrah etdirmək məqsədi daşıyır.

Elə adamların burada söyüş yazdığını, iftira atdığını görürəm ki, bəlkə də sosial şəbəkələr olmasa idi əsla o şəxslərin söyüş söydüyünə inanmazdım. Çünki elə maskalanıblar.

Bura eyni zamanda bir güzgüdür. Hər kəsin daxilini üzə çıxarır. Adam saqqal saxlayıb, alnı möhürdən qabar olub, köynəyin boğazını axıracan düymələyib camaata "öyüd - nəsihət" videoları çəkir, di gəl ki, yazdığı pozğun statuslara, rəylərə, böhtanlara bax... Demək iç üzünü özü də bilmədən bir az açıb. Hələ gör elələrinin beynində, düşüncəsində, planlarında nələr yatır...”

Tural İrfan elələri milli düşünən, dövlətçi, xalqını sevən və savadlı ilahiyyatçıları sevmirlər, ləkələyir, böhtana məruz qoyur, hər vəchlə sıradan çıxarmağa çalışırlar:

“Çünki onlar avam və dindən məlumatsız zümrəni təsir altına salanda həmin ilahiyyatçılar bunun qarşısını alır, cəmiyyəti ayıldır və əsl dinin Quran, Peyğəmbər, Əhli Beyt, elm, irfan, əxlaq, mənəviyyat, mədəniyyət olduğunu sübut edirlər. Ancaq onlar dinin xurafat, radikalizm, mövhumat, söyüş, ixtilaf, məzhəb nifaqı, düşmənçilik olduğunu təbliğ etməyə çalışırlar, dini təhrif edirlər, öz çirkin maraqlarına, onları istifadə edənlərə alət edirlər.

Əsla normal bir sözlərini eşitməzsiniz. Yalnız qərəz, nifrin, lənət, söyüş, iftira, qarayaxma...

Dəhşət budur ki, bu əməlləri ilə özlərinə Əhli Beyt aşiqi, sələfi, Müvəhhid, tövhid əhli, səhabə adları, İmam adları götürüb o adlarla da profillər açaraq söyüş, iftira yayırlar. Cəmiyyətimiz şükür Allaha ki, ayıqdır, ağı qaradan seçir və elələrinin də ifşa edilərək cildə girmiş, maskalanmış din düşmənləri olduğunu açıq - aydın görür”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər