“Niyə əxlaqsız əxlaqdan, savadsız savaddan danışır?!“ - Tural İrfan yazır

“Niyə əxlaqsız əxlaqdan, savadsız savaddan danışır?!“ -  Tural İrfan yazır
03 İyn 2024 11:42

Cəmiyyətin zövqü bayağılaşıb. Taksidə, kafedə, avtobusda bayağı, küçə mahnılarına qulaq asır hamı. Muğama da qulaq asanlar mahir sənətkarlara yox, toy xanəndələrinin zarıncısını, iniltisini dinləyir.

Klassiklərimizin sənət əsərləri, simfoniya, xalq mahnıları dinləyən görmürəm. Təvafüqən əgər taksidə radio açıqsa arada bir xalq mahnılarından bir fraqment səslənir. Yoxsa ya söyüşlü meyxana, ya narkomaniyanı, məhbəs həyatını tərənnüm edən mahnılar ya da pozğunluğu təbliğ edən qeyri-peşəkar artistlərin jarqon sözləri, küçə söyüşləri ilə zəngin tamaşaları...

Ancaq zaman olub ki, Üzeyir Hacıbəyovun bəstələri, Rəşid Behbudovun, Müslüm Moqamayevin, Şövkət Ələkbərovanın, ən pis halda Zeynəb Xanlarovanın ifalarını dinləyib camaat.

İndi Səməd Vurğunun "Azərbaycan" şeiri əvəzinə Elzanın buraxma cızmaqaralarını, Üzeyir Hacıbəyovun musiqisi əvəzinə də Üzeyir Mehdizadənin iniltisinə qulaq asır cəmiyyət. Demək cəmiyyətin mədəniyyət zövqü inkişaf etmək, zənginləşmək əvəzinə korşalıb, bayağılaşıb, cahilləşib, zırramalaşıb...

Bahalı və müasir geyimlər geyib özünü mədəni, kübar göstərmək istəyən adamların çoxunun daxili nimdaş və kiflənmişdir. Puşkin yazırdı ki, saxta və süni mədənilik ən böyük mədəniyyətsizlikdir. Dindar camiə də belədir, cahil, xurafatçı, savadsız, çoxu da təhsilsiz. Orta məktəbdə kafi qiymətlə oxuyan dindar olanda guya ona qeybdən elm nazil olmur ki... Savadsızlığını, cahilliyini dinə qatıb dini də zay edir.

Mədəniyyət də belədir. Musiqi savadı olmayan, mədəniyyətdən, incəsənətdən bixəbər adamlar efirlərdən millətin ruhunu sümürür, enerjisini çəkir, zövqünü korlayır, əxlaqını pozur... Beləcə cəmiyyətin də zövqü korlanır. Adını bəstəkar qoyan toy müğənnisi efirdə musiqidən danışmaq əvəzinə xalqa nəsihət verir, verilişlərdə talelərin müqəddəratını həll edir ekspert kimi...

Televizora baxan adamlar "sənət əsərinə" qulaq asmır, ya baxıb müğənniyə söyür, ya da onu hansı varlı məmurun saxladığını müzakirə edir. Əsla elmə, müasir kəşflərə aid, mənəvi qidaverici verilişlər görə bilmirik. Heç heyvanlar aləmindən də veriliş yoxdur ki, barı heyvanlara baxaq...

Əxlaqsız əxlaqdan, savadsız savaddan danışır. Nəsihət qanmayan nəsihət verir.

Son illərdə, xüsusən Qarabağ zəfərindən sonra dünya meydanına çıxası, yadda qalan, tarixə düşən bircə əsər yazıldımı, bircə simfoniya bəstələndimi? Hanı dövrün Üzeyir Hacıbəyovu, Səməd Vurğunu, Rəşid Behbudovu? Hanı dövrün Hacı Zeynalabdini? Sabiri, Hadisi, Mirzə Cəlili? Kimlərin yerini gör kimlər tutdu. Heyf... O kişilərin qurduğu qranit himin üstündə indi xrustal saraylar tikilməli idi, ancaq təzək tayası yığdılar. Səd heyf...

Turan İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər