Xəbər
verdiyimiz kimi Azərbaycanda spirtli içkilərin minimum qiyməti müəyyən edilir.
Bununla bağlı qanun layihəsi artıq Milli Məclisə təqdim edilib. Amma spirtli
içkilərin qiymətinin minimum həddinin müəyyən edilməsi cəmiyyətdə birmənalı
qarşılanmayıb. Bəziləri iddia edir ki, belə vəziyyətdə bazara daha çox saxta və
keyfiyyətsiz məhsul daxil olacaq.
Mövzu ilə bağlı News365.az–a danışan Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək:
“Dəyişikliklər
araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur. Bu ilin ilk
9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat
xərclənib. Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və
siqaretə 132 milyon manat daha çox pul ayırıb. Yəni, içki və tütün məhsullarının
xərci ailə büdcəsində payı artmaqdadır.
Vətəndaşlarımız
qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki
və tütün xərclərinin artması həmin məhsullarının qiymətinin yüksəlməsi ilə
bağlı olsa da tələbin artması da müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı
Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını
proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il
2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də
çoxalır.
Deməli,
spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək,
həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını
istehlak etməkdənsə ixrac etmək daha faydalıdır”.
News365.az