Sorğu nəticələri Ermənistanda siyasi mənzərəni göstərir – Paşinyanın partiyası öndə
Siyasət
13:46
Ermənistanda keçirilən son ictimai rəy sorğularının nəticələri ölkədə siyasi güc balansı ilə bağlı yeni mənzərə ortaya qoyub.
Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib ki, beynəlxalq sorğu təşkilatlarından biri olan “Kellogg” sorğu assosiasiyasının nəticələrinə əsasən, hazırda Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası üstün mövqedədir.
Onun sözlərinə görə, sorğu nəticələrinə əsasən, hakim partiyanın reytinqi təxminən 28,8 faiz təşkil edir və bu göstərici seçkilərin bu gün keçirilməsi halında onların öndə olacağını göstərir.
F.Sadıqov qeyd edib ki, rəqiblərin göstəriciləri daha aşağıdır – müxtəlif siyasi qüvvələr 14, 12 və 8 faiz civarında dəstəyə malikdir. Keçmiş prezident Robert Koçaryanin siyasi blokunun isə 8–10 faiz aralığında olduğu bildirilir.
Politoloqun sözlərinə görə, sorğu nəticələri hazırkı siyasi üstünlüyü göstərsə də, bu göstəricilər dəyişkəndir və seçki dövrünə qədər fərqli tendensiyalar müşahidə oluna bilər.
O əlavə edib ki, bu nəticələr beynəlxalq səviyyədə fəaliyyət göstərən nüfuzlu sorğu mərkəzinin araşdırmasına əsaslanır və Ermənistanda siyasi vəziyyətin hazırkı balansını əks etdirir.