Aktrisa Sonaxanım Əliyeva son dövrlərdə yaşadığı səhhət problemləri və xeyli çəki itirməsi ilə bağlı açıqlama verib.
News365.az-ın məlumatına görə, sənətçi MTV-də yayımlanan verilişlərin birində bildirib ki, bir müddət insulin müqaviməti, şəkər xəstəliyinə meyillilik və üçüncü dərəcəli qaraciyər piylənməsi ilə üzləşib. Onun sözlərinə görə, bu problemlər yüksək təzyiqə də səbəb olub və vəziyyəti ilə əlaqədar evinə təcili tibbi yardım çağırılıb.
Sonaxanım Əliyeva həmin dövrdə təzyiqinin bir dəfə 190/120-yə qədər yüksəldiyini deyib. Bundan sonra həyat tərzinə daha ciddi yanaşmağa qərar verdiyini vurğulayıb:
"İnsulin direncim var idi. Şəkərə meyilliyim vardı. Üçüncü dərəcəli qaraciyər piylənməm də vardı. Bunlar da mənə yüksək təzyiq verirdi, üstümə təcili yardım gəlirdi. Hətta bir dəfə 190-ın 120-yə olmuşdu. Bundan sonra özümə dedim ki, bəsdir".
Aktrisa arıqlama prosesində həkiminin tövsiyələrinin də mühüm rol oynadığını qeyd edib. O, qəbul etdiyi müalicə ilə yanaşı, iştahanı azaltmağa kömək edən bir vasitədən istifadə etdiyini bildirib:
"Sağ olsun həkimim ki, dərmanlarla bərabər bir vasitə də vermişdi. O, mənim iştahımı kəsirdi, şirniyyat istəyimiz azalırdı. İndi də yeyirəm, ac qalmıram, sadəcə çox yeyə bilmirəm".
Sonaxanım Əliyeva görünüşü ilə bağlı insanların münasibətindən də danışıb. O, bildirib ki, insan kökələndə də, arıqlayanda da müxtəlif fikirlərlə qarşılaşır:
"Ümumiyyətlə, insanlar kökələndə də bəyənmirlər, deyirlər: 'Vay, nə boydadır, ekrana yerləşmir'. Arıqlayanda da deyirlər ki, 'sizə köklük yaraşırdı, şirin görünürdünüz'".