Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) keçmiş Kocaeli millət vəkili və partiyanın Baş Qərargah Qadın Qollarının keçmiş sədri Əzizə Sibel Gönül vəfat edib.
News365.az xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Gönül İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirib.
Əzizə Sibel Gönül üçün bu gün İzmitdəki Fevziye məscidində əsr namazından sonra dəfn mərasimi keçiriləcək.
Mərhum siyasətçi İzmit Şəhər Qəbiristanlığında torpağa tapşırılacaq.
Əzizə Sibel Gönül kim idi?
Əzizə Sibel Gönül 12 avqust 1966-cı ildə İstanbulda anadan olub. İstanbul Texniki Universitetinin Memarlıq fakültəsini bitirən Gönül uzun müddət sərbəst memar kimi fəaliyyət göstərib.
O, Türkiyə Mühəndis və Memarlar Birliyinin (TMMOB) Kocaeli Memarlar Palatasında baş katib vəzifəsində çalışıb.
Gönül 2001-ci ildə AK Partiyanın qurulması prosesində Kocaeli İl Qadın Qollarının ilk sədri olub. 2003-2007-ci illərdə isə partiyanın Kocaeli İl İcra Heyətində vilayət katibi vəzifəsini icra edib.
Əzizə Sibel Gönül Türkiyə Böyük Millət Məclisinin 23-cü və 24-cü çağırışlarında Kocaelidən deputat seçilib.
Millət vəkili olduğu dövrdə TBMM-nin Gender Bərabərliyi Komitəsinə sədrlik edib.
Daha sonra AK Partiyanın Baş Qərargah Qadın Qollarının sədri vəzifəsində çalışıb.
Evli və iki uşaq anası olan Gönül ingilis dilini də bilirdi.
AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik Gönülün vəfatı ilə bağlı sosial media hesabında başsağlığı mesajı yayıb.
Çelik mərhum siyasətçini “çox dəyərli həmkar” adlandıraraq ailəsinə, yaxınlarına və partiya üzvlərinə başsağlığı diləyib.
“Baş Qərargah Qadın Qolları sədrlərindən biri və keçmiş millət vəkili, çox dəyərli həmkarımız Əzizə Sibel Gönülü itirdik. Mərhum üçün Allahdan rəhmət diləyir, kədərli ailəsinə, qohumlarına və bütün cəmiyyətimizə başsağlığı və səbr diləyirik”, – deyə Ömər Çelik bildirib.
