Son günlər sosial şəbəkələrdə “manatlıq taksilər”in yığışdırılması ilə bağlı yayılan məlumatlar sərnişinlərin gündəlik gediş-gəliş imkanlarını yenidən müzakirəyə çıxarıb. Bakının “20 Yanvar” metrostansiyası və Moskva prospekti ətrafında bu avtomobillərin fəaliyyətinin dayandırıldığı bildirilir. Sumqayıt, Xırdalan, Masazır, Saray və Ceyranbatan istiqamətlərinə gedən sərnişinlər isə pik saatlarda avtobuslara minməkdə çətinlik çəkdiklərini deyirlər.
Məsələ sərnişindaşımanın tənzimlənməsi ilə yanaşı, əlçatan nəqliyyat alternativlərinin yetərli olub-olmamasını da aktuallaşdırır.
News 365.az xəbər verir ki, mövzu ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Modern.az-a açıqlama verib. Onun sözlərinə görə bu mövzuya qiymətlə bağlı məsələ kimi yox, qanunsuz və ya tələb olunan icazələr olmadan həyata keçirilən sərnişindaşıma fəaliyyətinin məhdudlaşdırılması kimi baxılmalıdır.
"Qanunvericilikdə ayrıca “1 manatlıq taksi” və ya “manatlıq taksi fəaliyyəti” anlayışı yoxdur. Burada söhbət faktiki olaraq sərnişin daşımalarının hansı qiymətə həyata keçirilməsindən gedir.
Taksi fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməli, müvafiq sənədləşməni həyata keçirməli və fəaliyyət üçün tələb olunan icazəni əldə etməlidirlər. Bu tələblər yerinə yetirilmədən taksi fəaliyyəti ilə məşğul olmaq isə qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilər. Əlbəttə, bu nəqliyyat vasitələrindən istifadə sərnişinlər üçün müəyyən rahatlıq yaradırdı. Xüsusilə avtobusların kifayət qədər olmadığı istiqamətlərdə vətəndaşlar nisbətən ucuz qiymətə mənzil başına çatmaq imkanı əldə edirdilər".
A. Badamov onu da qeyd edib ki, əgər qanunvericilik müəyyən tələblər qoyursa, həmin tələblərə bütün daşıyıcılar əməl etməlidir.
"Burada əsas məsələ qanunsuz fəaliyyətin aradan qaldırılması ilə yanaşı, sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin edilməsidir. Yəni müəyyən ərazidə belə taksilər yığışdırılırsa, həmin istiqamətdə sərnişin sıxlığının necə qarşılanacağı əvvəlcədən nəzərə alınmalıdır. Bunun üçün əlavə avtobusların xəttə buraxılması, marşrutların optimallaşdırılması və hərəkət intervalının azaldılması kimi tədbirlər görülə bilər".
Deputat vurğulayıb ki, marşrut üzrə kifayət qədər və rahat ictimai nəqliyyat işləyirsə, sərnişinin əlavə olaraq bir manat ödəyərək qeyri-rəsmi taksidən istifadə etməsinə ehtiyac da azalar:
"Üstəlik, avtobuslar üçün xüsusi hərəkət zolaqları tətbiq olunan istiqamətlərdə ictimai nəqliyyatın hərəkət sürəti də arta bilər. Bu halda sərnişin bəzi hallarda taksidən daha rahat və daha sürətli şəkildə mənzil başına çata bilər. Əsas məsələ , qanunsuz sərnişindaşımanın qarşısı alınarkən vətəndaşın nəqliyyat imkanları məhdudlaşdırılmamasıdır. Əgər 20 Yanvarda tətbiq olunan yanaşma digər ərazilərdə, o cümlədən Koroğlu və digər nəqliyyat qovşaqlarında da tətbiq ediləcəksə, daşıyıcı qurumlar əvvəlcədən sərnişin tələbatını qiymətləndirməli və həmin istiqamətlərdə kifayət qədər ictimai nəqliyyat təmin etməlidirlər. Yəni bir tərəfdən qanunun tələblərinə əməl olunmalıdır, digər tərəfdən isə bu proses vətəndaşın gündəlik gediş-gəlişinə əlavə çətinlik yaratmamalıdır" - o bildirib.
Nəqliyyat eksperti Aslan Əsədov bu mövzuyla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə manatlıq taksi marşrutla sərnişindaşımanın yaratığı çətinliklər, onların doğurduğu nəqliyyat axınlarının idarə edilə bilməməsi nəticəsində yaranan anlayışdır.
"Marşrut sistemi nasaz olduqda həmin istiqamət üzrə gedən və taksi fəaliyyəti ilə məşğul olmayan, sadəcə əlavə gəlir mənbəyi kimi baxan şəxsin və ya şəxslərin bir dəstəyi nəticəsində, maliyyə maraqları nəticəsində əmələ gəlib".
Ekspertin fikrinə görə manatlıq taksilərin ləğvi baş verərsə, bir neçə mühüm addımlar atılmalıdır.
"Birinci növbədə sərnişindaşımanın çeşidini,düşüb-minmə ərazisini, nöqtələrin sayını artırmaq ən önəmli addımlardan biri olar. Əgər bütün bu addımlar atılarsa sərnişinlərin manatlıq taksi marağı yoxa çıxar".