Azərbaycanın, xüsusən də Bakının daşınmaz əmlak bazarında kirayə mənzil götürərkən depozit məbləği adətən 1 aylıq, maksimum isə 2 aylıq icarə haqqı həcmində müəyyən edilir.
News365.az xəbər verir ki,bu sözləri "Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, məsələn, 500 manatlıq mənzil üçün depozit təxminən elə 500 manat civarında olur:
"Lakin bazarın tələbinə görə, 500 manata tapılan elə mənzillər var ki, keyfiyyəti aşağı olduğu üçün ev sahibi ümumiyyətlə depozit tələb etmir. Avropa təcrübəsində isə sistem fərqlidir: orada depozit məbləği konkret aylıq ödənişə bağlı deyil; evin vəziyyəti və daxilindəki əşyaların dəyəri nəzərə alınaraq tərəflərin razılığı ilə təyin olunur. Nəticədə depozit aylıq kirayə haqqından az və ya çox ola bilir.
Depozit əsasən iki məqsədlə toplanır: mənzilə və ya əşyalara dəyən ziyanı qarşılamaq və kirayəşin müqavilə müddəti bitmədən evi vaxtından əvvəl tərk edərsə, yaranan zərəri kompensasiya etmək. Pulun geri qaytarılması riski ilə qarşılaşmamaq üçün depozitin şərtləri və qaytarılma mexanizmi mütləq yazılı müqavilədə dəqiq qeyd olunmalıdır”.
V.Oruc qeyd edib ki, əlavə xərclərə gəldikdə, bir sakinin çıxıb digərinin köçməsi arasındakı keçid dövründə mənzilin təmizliyi, xırda cari təmiri və səliqəyə salınması üçün təxminən 250 manat xərc tələb olunur:
"Kirayəşinin başqa mənzilə köçərkən çəkdiyi yükdaşıma və digər xidmət xərcləri isə aylıq kirayə ödənişinin təqribən 20-30%-ni təşkil edir. Kommunal xərclər fəsillərdən asılı olaraq dəyişir; qış aylarında təxminən 100-120 manat, yay aylarında isə 80-90 manat civarında hesablanır”.
"Mənzildə yaşayış müddətində kirayəşinin öz fəaliyyəti nəticəsində yaranan gündəlik xırda problemləri sakinin özü aradan qaldırmalıdır. Lakin irimiqyaslı əşyaların sıradan çıxması və ya mühəndis-kommunikasiya sistemlərində yaranan köklü nasazlıqlar ev sahibinin hesabına həll olunur (nasazlığın kimin səbəbindən baş verməsi yerində araşdırılır). Bütün bu amilləri nəzərə alsaq, 500 manatlıq mənzil üçün aylıq kirayə haqqı və əlavə xərclər daxil olmaqla ümumi büdcə ortalama 600-650 manat civarında formalaşır”.