“Sarıcalı sakinlərinin də təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb” Nigar Məmmədova

“Sarıcalı sakinlərinin də təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb” Nigar Məmmədova
29 Mar 2025 13:21

"Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış davam edir. Ağdam rayonunun bərpa edilmiş birinci kəndi - Sarıcalının birinci mərhələsi artıq yekunlaşdı və dövlət başçımız kənd sakinlərinə yeni mənzillərin açarlarını təqdim etdi."

Millət Vəkili Nigar Məmmədova bunu News365.az-a açıqlamasında deyib. 


"Sarıcalı da düşmənin işğal dövründə viran qoyduğu, yerlə yeksan etdiyi kəndlərdən biridir. 44 günlük Vətən müharibəsindən sonra noyabrın 20-də Ağdam rayonu 1 güllə atmadan, şəhid vermədən azad olundu və cənab Prezident 2022-ci il oktyabrın 4-də Sarıcalı kəndinin təməlini qoydu. Üç ildən də az müddətdə kəndin artıq birinci mərhələsi istifadəyə verildi. Burada yaşayış evlərilə yanaşı bütün sosial infrastruktur da qurulub. Öz doğma yurduna qayıdan keçmiş məcburi köçkün soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb. Cənab Prezidentin kənd sakinləri ilə görüşdə söylədiyi kimi, beynəlxalq jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamın işğal dövründəki mənzərəsi erməni faşizminin faşizmin ən yüksək nöqtəsi olduğunu təsdiqləyir.

Azərbaycan öz qətiyyəti, öz gücü hesabına erməni separatizminin kökünü kəsdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda da “elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq” söyləmişdi. Ağdamın hər yerində həqiqətən də yeni inkişaf mərhələsi başlayıb. Şəhərlə yanaşı Ağdamın kəndlərində də yüksək səviyyəli quruculuq işləri aparılır. Xaçınçay su anbarının bərpa olunması sayəsində Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri su ilə təmin olunacaq. Bu da işğal dövründə Ermənistan tərəfindən süni yaradılan su probleminin birdəfəlik həlli deməkdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2 həftə əvvəl Ağdərənin Həsənriz kəndinə də səfər etdilər, Suqovuşanda yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim olundu. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib, Həsənriz kəndi üzrə indiyə qədər köç üçün siyahıya düşənlərin sayı 260-a çatıb. Sarıcalı isə keçmiş köçkünlərin qayıtdığı sayca 13-cü yaşayış məntəqəsidir. Bir sözlə, bütün azad olunmuş ərazilərdə yeni həyat başlayıb. Dövlət başçımızın da söylədiyi kimi, “bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.”


Sizin reklam burada
Sizin reklam burada